Fiziki sağlamlıq imkanları məhdud şəxslərə dəstək kampaniyası başladı – FOTOLAR

307

“XXI Əsrin Qadınları” İctimai Birliyi “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsini həyata keçirir. Sosialmedia.azın verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə gerçəkləşən sosial sifariş xarakterli layihənin məqsədi əlilliyi, sağlamlıq problemi olan şəxslərə dövlətin göstərdiyi diqqət və qayğı prosesinə dəstək vermək, uşaqlara və valideynlərinə hüquqi, psixoloji, mənəvi yardım göstərmək, əlillərin yaradıcılıq potensialını üzə çıxarmaq, təbliğ , təşviq etmək, onların cəmiyyətə adaptasiyasını sürətləndirməkdir.

Layihə rəhbəri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova açıqlamasında bildirib ki, fiziki çatışmazlıqlarına görə insanlar arasında psixoloji baxımdan ayrıseçkilik yaratmaq düzgün deyil. Bütün insanlar eyni hüquqlara malikdirlər, sadəcə əlillik kateqoriyası daşıyanların mənəvi və maarifləndirici qayğıya ehtiyacları var: “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstək verdiyi layihənin də mahiyyətində əlillik baxımından sağlamıq problemi olan uşaqlara, yeniyetmələrə, gənclərə imkanlarını daha geniş təqdim edə bilmələrinə görə dəstək göstərmək dayanır. Hər bir vətəndaşın hüquqi, psixoloji, mənəvi yardıma ehtiyacı olur. Təbii ki, fiziki sağlamlıqlarında problem olanlara belə bir dəstək daha çox lazımdır. Onların arasında müxtəlif istiqamətlər üzrə bacarıqları ilə seçilənlər var, ancaq ictimaiyyətə necə təqdim olunmağın yollarını bilmirlər. Belə insanlar bəzən biganəlikdən, cəmiyyətə adaptasiya oluna bilməmələrindən əziyyət çəkirlər, yaxud onların valideynləri bu problemi necə həll etməyin səmərəli üsullarından xəbərsizdirlər. Əlilliyi olanların tez-tez hüquqi, tibbi, psixoloji məsləhətlərə ehtiyacları yaranır. Biz layihə müddətində hədəf qruplarına aid etdiyimiz əlillərin bu ehtiyaclarının aradan qaldırılmasına maksimum dəstək göstərəcəyik”.

Layihə rəhbəri qeyd edib ki, “XXI Əsrin Qadınları” İctimai Birliyinin dəvəti ilə Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək İctimai Birliyinin sədri Nəzakət Həsənova və Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova da onların dəvəti ilə prosesə qoşulub. Layihənin effektivliyinin artırılması baxımından digər QHT-lərin də iştirakı təmin olunacaq.

M. Əmirhüseynova onu da bildirib ki, layihənin komandası bir neçə ailənin qonağı olub: “Biz əlillərin və sağlamlıq imkanları məhdud uşaqların yaşadığı bir neçə ailənin qonağı olduq. Ailələr bizi böyük sevgi ilə qarşıladılar. İstərdim həmin gəncləri ictimaiyyət də tanısın. Xəyalə Xəqani qızı Səfərova 1984-cü ildə doğulub. 3-cü dərəcəli əlildir. Anadan gəlmə ürək çatışmazlığından əziyyət çəkir. Toxuma əl işiylə məşğuldur. Uşaq oyuncaqları və dekorativ güllərin işləmələrini hazırlayır.

Qonaq olduğumuz növbəti ev Xuraman Elşən qızı Rzayevanın yaşadığı ailə idi. Xuraman 2002- ci ildə doğulub. Eşitmə məhdudiyyətlidir. Uşaq vaxtlarindan rəsm çəkir. Xüsusən böşqablar üzərində şəkillər çəkir, konturlarla işləyir. Hər iki xanımın istedadı bizi heyrətə gətirdi. Onlarla maraqlı söhbətimiz oldu, arzularını dinlədik, çatışmazlıqları qeydə aldıq, istedadlı gənclərin bacaqrıqlarını geniş ictimaiyyətə təqdim etməyin səmərəli yollarını müzakirə etdik. Könüllülərimiz – hüquqşünaslar, uşaqların inkişaf etdirilməsi üzrə ixtisaslaşan mütəxəssislər, psixoloqlar, mətbuat nümayəndələrinin cəlb olunduğu layihə çərçivəsində keçirdiyimiz görüşlərdə sağlamlıq imkanları məhdud şəxslərə və onların valideynlərinə maarifləndirici kitabçalar paylandı”.

Layihə rəhbəri onu da bildirib ki, “Evdən evə” kampaniyası çərçivəsində sağlamlıqları məhdud uşaqların hüquqları mövzusunda valideyinlər üçün təlimlər təşkil olunur, xüsusi maarifləndirici kitabçalar hazırlanır, uşaqlara əlillik problemini unutduracaq səviyyədə psixoloji söhbətlər aparılır, öz hüquqlarını daha yaxşı bilmələrinə yardım edilir, cəmiyyətin diqqətinin onlara daha sıx yönləndirilməsi işinə dəstək göstərilir:
“Komandamız layihənin hədəf qrupuna aid insanların cəmiyyətə nə qədər gərəkli olduqlarını müxtəlif aspektlərdən izah edir, bu izahları arqumentlərlə əsaslandırırlar. Əlliliyi olan şəxslər arasında istedadı olanların üzə çıxarılması, QHT-lər və KİV-lər vasitəsilə onların bacarıqlarının təbliği bu zümrənin təmsilçilərinə böyük motivasiya olacaq”.