Azərbaycan yeni islahat astanasında

160

Azərbaycanda dövlət büdcəsindən təkcə hər bir rayonun inzibati idarəetməsinə kifayət qədər çox vəsait ayrılır. Bu qədər rayonun olması dövlət büdcəsi üzərində əlavə yükdür. Rayonların tədricən inzibati cəhətdən ləğv edilərək 11 iqtisadi rayon və ya vilayət formasında birləşdirilməsi dövlət büdcəsində onmilyonlarla vəsaitə qənaət etmək imkanı yaradacaq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv ediləcəyi barədə məlumatı şərh edərkən deyib.

O bildirib ki, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi yerində və doğru qərar olar:

“Lakin bu qərarın məntiqi ardıcıllığı və alqoritmi olmalıdır. Bu rayonların ləğv edilməsindən sonra ən düzgün qərar Gəncə böyük bələdiyyəsinin yaradılması olar. Ümumiyyətlə, ölkədə aparılan inzibati islahatlar çərçivəsində bələdiyyələr ön plana çəkilməlidir. Xüsusilə də bələdiyyə institutlarının yaradılması, bələdiyyə seçkilərinin formatının dəyişdirilməsi və mer seçkiləri gündəmə gəlməlidir”.

N.Cəfərlinin sözlərinə görə, inzibati islahatlara ilk olaraq regionlardan başlamaq lazımdır:

“Dövlət büdcəsindən hər il regionların inkişafına külli miqdarda vəsait ayrılır. Düzdür, son illərdə biz rayonlarda görülən böyük infrastruktur işlərinin şahidi oluruq, lakin bu, bizi qane edə bilməz. Məsələ ondadır ki, bütün bu işlər dövlət büdcəsi hesabına görülür. Regionlara yardım edilməsi yox, regionların dövlət büdcəsinə dəstək olması aktuallaşmalıdır. Bu mənada 11 iqtisadi rayonun yaradılması ilə paralel olaraq yerli özünüidarəetmə orqanları inkişaf etdirilməlidir.

Dünya təcrübəsində böyük şəhər bələdiyyələri istər regionlarda, istərsə də iri şəhərlərdə dövlət büdcəsinə kifayət qədər dəstək olur. Müxtəlif reklamlar, həmçinin nəqliyyat sahəsindən gələn gəlirlərlə həm öz ehtiyaclarını ödəyə bilir, həm də dövlət büdcəsinə dəstək olurlar. Bizdə isə tam tərsinədir. Rayonlar dövlətdən büdcə tələb edir, tələb qarşılanmadıqda isə heç bir inkişaf olmur”.