QHT sədri: “ATƏT-in Minsk qrupunun fəaliyyətdə olub-olmaması ciddi sual doğurur”

272
“İşğaldakı torpaqlarda məskunlaşdırma aparmaq, beynəlxalq hüquqa meydan oxumaqdır”
Cəsarət Hüseynzadə: “ATƏT-in Minsk qrupunun fəaliyyətdə olub-olmaması ciddi sual doğurur”
“İşğalçı dövlət torpaqlarımızda yerləşdirdiyi ermənilərdən hərbi əməliyyatlar zamanı canlı sədd kimi istifadə edəcək”
“Köçürmə siyasəti işğaldakı Azərbaycan ərazisində demoqrafik vəziyyəti süni şəkildə dəyişdirməyə hesablanıb”
Məlum olduğu kimi, 20-yə qədər QHT Minsk qrupunun həmsədrlərinə müraciət edərək, Ermənistanın işğaldakı Azərbaycan torpaqlarına digər ölkələrdən erməni ailələri köçürməsinə diqqət çəkib, onlardan baş verənlərə reaksiya verməyi tələb edib.
Azərbaycan xalqının bu məsələ ilə bağlı narahatlığını beynəlxalq təşkilat və dünya ictimaiyyətinə çatdırmaq, habelə, Ermənistanın işğalçı və təxribatçı siyasətinin ifşası baxımından QHT-lərimizin bu yöndəki aktivliyi nə dərəcədə faydalıdır?
Moderator.az olaraq  “QHT.az” saytının baş redaktoru, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə ilə söhbətimizdə bu və digər məsələləri şərh etməyə çalışdıq.
-Cəsarət bəy, öncə bir qrup QHT rəhbərinin Minsk qrupu həmsədrlərinə məlum müraciəti ilə bağlı fikirlərinizi bilmək istərdik. Müraciətə hansı QHT-lər qoşulub, orada konkret olaraq hansı faktlar yer alıb?
-Bildiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Popova (Rusiya) və beynəlxalq təşkilatlara Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən erməni əhalisinin qanunsuz köçürülməsi hallarına dair müraciət ünvanlayıb.
Qeyd edim ki, bu müraciət xüsüsən bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınan QHT-lər tərəfindən edilib.
Muraciətdə qanunsuz məskunlaşma ilə bağlı faktlar qeyd edilir. Həmin faktları təkcə biz deyil, ermənilər də bəyan edirlər. Müqayisəli formada tarixi– mədəni abidələrə münasibət də diqqətə çatdılır. Haqlı olaraq Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları  beynəlxalq ictimaiyyətə müraciət edərək, onun bu qanunsuz proseslərə, beynəlxalq humanitar hüququn pozulması hallarına və Ermənistan Respublikası tərəfindən hərbi cinayətlərin törədilməsinə biganə qalmamasını tələb edirlər. ATƏT-in Minsk Qrupunun həmsədrləri, ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən mütəşəkkil qaydada qanunsuz köçürülməsi prosesinə dərhal reaksiya göstərməsini tələb edirlər.
-Sizcə bu müraciət beynəlxalq təşkilatların sözügedən probılemin həlli istiqamətində konkret addımlar atması ilə nəticələnə bilərmi?
-Biz Beynəlxalq Hüquq təsisatlarının praktik addımlar atmaq iqtidarında  olmaması faktını dəfələrlə müşahidə etmişik. Son hadisələr zamanı ümumiyyətlə beynəlxalq qurumların  movqesizliyi də görünməkdədir. Qanunsuz məskunlaşma açıq və aydın formada aparıldığından ATƏT-in Minsk qrupu dərhal öz təşəbbüsü ilə ən azından bəyanatla çıxış etməli və Ermənistanın bu qanunsuz əməllərdən çəkinməsini tələb etməli idi. Çünki BMT tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupuna mandat verilib.
Hazırkı vəziyyətdə QHT-lərin bu müraciətlərinin effektli olub –olmayacağını demək çətindir. Amma vətəndaş cəmiyyətinin bu narahatlıqları çatdırması vacib şərtdir. Bu müraciətdə həm də Azərbaycan xalqının bu məsələ ilə bağlı narahatlığı ifadə olunur. Beynəlxalq təcrübədə bu müraciətlərin təsir imkanları xeyli dərəcədə mühüm olur.
-Ümumiyyətlə, QHT-lər Ermənistanın işğalçılıq siyasətinin ifşasında, onun terrorçu dövlət mahiyyətinin dünya birliyinə çatırılmasında lazımi aktivlik sərgiləyirmi?
-Vətəndaş cəmiyyəti təşkilatları hər zaman çalışır ki, Ermənistanın apardığı işğalıçılıq siyasətinin ifşa olunması istiqamətində öz tövhəsin versin. Bunun üçün müvafiq dövlət qurumları ilə birgə işlər aparılır. Bir çox QHT xarici ölkələrdə olan tərəfdaş təşkilatalrı da bu prosesə qoşur. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu istiqamətdə olan layihələrə dəstək verir. Əlbəttə ki, mən hər zaman QHT-lərin fəaliyyətindən danışarkən, istənilən istiqamətdə fəaliyyətin aktivliyin artırılması zərurətini bildirirəm. Hesab edirəm ki, QHT-lərin Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istimatində də yeni addımlar atması vacibdir. Bu sahədə strukturlaşmış və illik proqram əsasında fəaliyyət göstərən QHT-lərin olmasına da ehtiyac var.
-Sizcə regiondakı gərgin vəziyyəti nəzərə alaraq Minsk qrupunun da öz aktivliyini artırmasına ehtiyac varmı?
-Təəssüf ki, hazırda ümumiyyətlə ATƏT-in Minks qrupunun fəaliyyətdə olub-olmaması ciddi sual doğurur. Sanki Minsk Qrupu fəaliyyətini dondurub və proseslərdən kənarda qalıb. Ermənilərin Tovuz istiqamətində törədiklər təxribat vaxtı da  bu qurumun aktivliyi müşahidə edilmədi.
Eyni zamanda, indi də Ermənistan tərəfindən beynəlxalq hüquq  prinsplərinə zidd olaraq,  işğal altında olan Azərbaycan ərzilərində qeyri qanuni məskunlaşma aparması, sanki Minsk Qrupunun həmsədləri tərəfindən sükütla qarşılanır.
Bu vaxta kimi, məskunlaşma ilə bağlı oxşar addımlar atılsa da, etiraf edək ki, hazırda təmas xəttində çox gərgin və həssas vəziyyət mövcuddur. Bu gərgin vəziyyət həmsədr ölkələri  və eyni zamanda beynəlxalq təşkilatları düşündürməlidir.
Bu dəfə Ermənistan bu köçürmə siyasətini açıq formada keçirməklə, eyni zamana bu proses üçün  xüsusi proqram da təklif edir. Ermənistanın bu hərəkəti açıq formada beynəlxalq hüquqa meydan oxumaqdır”.
-Cəsarət bəy, sizcə Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarına xarici ölkələrdən erməni əsilli şəxsləri köçürməklə konkret hansı məqsədlərə nail olmağa çalışır?
-Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə, işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Ermənilər humanizm pərdəsi altında əslində Dağlıq Qarabağda ermənilərinin sayını çoxlaltmaq istəyir və eyni zamanda,  bu ad altında muzdlu döyüşçüləri də bölgəyə yerləşdir. İşğalçı dövlət həmin ermənilərdən  döyüşlərdə canlı sədd kimi istifadə edəcəkdir. Çox aydın məntiqdir ki, münaqişə bölgəsinə, müharibənin hər an alovlanması ehtimal olunan bölgəyə üçüncü ölkədən dinc sakin köçmək istəməz. Xatırladaq ki, sonunucu dəfə döyüşlər təqribən 2 ay öncə baş verib və bu barədə dünya mətbuatında da kifayət qədər məlumat var.
-Ermənistanın işğaldakı torpaqlarda qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn prinsipləri baxımından necə dəyərləndirilə bilər?
-Erməsitanın qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Minsk Qrupunun və beynəlxaq təşkilatların Ermənistanın bu qanunsuz məskunlaşma siyasətinə münasibət bildirməməsi, Azərbaycanı daha da ciddi addımlar atmağa təşviq edir və buna görə məsuliyyəti işğalçı dövlət daşımalıdır”.