Sarsıntım çox oldu, qanadlarım qırıldı

57

Sanki saatların əqrəbləri 25 il öncə gözəgörünməz bir əl tərəfindən 25 il sonraya qurulubmuş. Saat zəngi çalınır və sanki yuxudan oyanırsan. Qəflətən özün özünün yadına düşürsən. Xatırlayırsan ki, düz 25 il öncə ömrünün müstəqillik dönəminə qədəm qoymusan. Onda sənin bapbalaca bir arzun (ya da ideyan, planın) vardı. Sən bu arzunu, ideyanı reallaşdırmağı düşünmüsən. Hətta əzbərində olub. Amma sadəcə, düşüncələrdən o yana keçməyib və sonra… unutmusan.

Aradansa düz 25 il vaxt keçib. Və xatırladıqca heyfsilənirsən, təəssüflənirsən…

Təsadüfdürmü, qismətdirmi, ya da qismətsizlikdirmi, hər halda, aradan xeyli vaxt keçib. Yenidən ümidlənirsən, o arzunu həyata keçirməyi, gerçəkləşdirməyi, dilinin əzbərinə çevirməyi yenə xəyal edirsən, planlar qurmaq istəyirsən, yenə arzulayırsan…

Dəyərmi? Gec qalmadımmı? Artıq gənc deyiləm. Mənim həmyaşıdım olan generallar Şəhid oldu müharibədə…

Çox şey oldu, “ölüm kimi bir şey oldu” dəfən-dəfən. Sarsıntılarım, ağrılarım çox oldu, canım çox yandı. Qanadlarım qırıldı. Mən yaralarımı sarıyıb-sarmaladıqca bəzi şeylər də yadımdan çıxdı…

Bilirsiz bu nəyə bənzəyir? Sanki uzun illər başın qarışır məişətə, siyasətə, mübarizəyə, xırdalıqlara, miqyasagəlməz ölçülərə, zahiri parıltılara. Həyatın axınına, axarına düşmüsən, təngnəfəs olmusan qaçaqaçda, qovhaqovda, qovğalarda və Ürəyini yaddan çıxartmısan. Sarsıntılar, itkilər, qazanclar, böyük uğurlar, kiçik uğurlar, böyük dostluqlar, kiçik dostluqlar, böyük düşmənlər, kiçik düşmənlər… Sən də çarpışa-çarpışa, vuruşa-vuruşa ayaqda qalmağa, sağ qalmağa çalışmısan. Var olmusan, əlbəttə, varsan. Dirisən. Amma… Özünə aid, qəlbinə aid, ruhuna aid, səni Sən edən, içindəki Məni Mən edən, içəridə həmişə alov-alov, dilim-dilim yanan, közərən İşığı unutmusan. Günəşin bircə zərrəsi boyda İşığı. Qiymətdə ağır, vəzndə yüngül. Kainat üçün çox balaca, sənin üçün çox böyük o İşıq boyda Arzunu.

Bilirsiz bu həm də nəyə bənzəyir? Başın qarışır həyatın gündəlik tempinə, qayğılarına və sevdiklərini, doğmalarını, qohum-əqrəbanı, dostlarını, orta məktəbdəki sinif yoldaşlarını, ali məktəbdəki tələbə yoldaşlarını, orta məktəb müəllimlərini, ali məktəb müəllimlərini, sənə yazmağı, özünü ifadə etməyi öyrədənləri, həyat öyrətmənlərini, hətta onların adlarını, üzlərini, onların pıçıltılarını, dualarını özün də hiss etmədən, fərqinə varmadan unudursan. Daha dəqiqi, sən sürətlə irəliləyirsən, arzuların, ümidlərin, iddiaların üçün hətta bəzən qaçırsan, entuziazmla hədəflərinə doğru can atırsan. Qalib olmaq istəyirsən, savaşı udmaq istəyirsən. Amma onlar keçmişdə, yaddaşının bir küncündə – illər əvvəl buraxdığın yerdə qalır.

Bir günsə ayılırsan ki, o yaddaşdan nə qədər uzaqlardasan. Halbuki o yaddaş, o duyğular, o yaşantılar, o enerji, o insanlar səni formalaşdırıb, səni böyüdüb, yetişdirib. Sən əslində o yaddaşla cilalanmısan, ilmə-ilmə hörülmüsən, o ruhaniyyəti, o energetikanı, o gözəlliyi, o özəlliyi canına-qanına hopdurmusan.

Anlayırsan ki, onlarsız sən yarımçıqsan. Sən onlarsız azsan. Səni çox edən, çoxaldan, səni gücləndirən, dözməyi, inanmağı, sevməyi, inanaraq sevməyi öyrədən, sənə qol-qanad verən, arxa-dayaq olan əslində onlardır. Və indi sən o yarımçıqlıqdan, o uzaqlıqdan müvazinətini itirmək üzrəsən, o boşluq səni darmadağın edir, gücünü-qüvvətini alır…

Anlaşılmaz, hətta qəribə fikirlərdir, fərqindəyəm. Elə şeylər var ki, onları yalnız Tanrıya danışmaq olar…

Amma istədim biləsiz ki, mən heç bir zaman bu ölkənin Vətən obrazını onun İnsanlarından ayrıca təsəvvür etmədim, şəklini ayrıca cızmadım. Mənim üçün Vətən və İnsan eyni mənanı, anlamı verən sinonimlərdir. İstərdim biləsiniz ki, mən bu ölkənin İnsanlarını Vətən kimi sevirəm.

Nə yaxşı, varsınız, Vətənim Adamlar