İlham Əliyev bu ölkələrin uzunmüddətli sülhün qaranti ola biləcəyini AÇIQLADI

159

“Bu barədə danışmaq çətindir, ona görə ki, bizim xalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa o qədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənzərə şəklində təsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sülh yoxdur”.

SosialMedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində “hər bir müharibə gec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz?” sualının cavabında deyib.

Dövlət başçısı xatırladıb ki, son iyirmi ildən artıq müddətdə malik olduğumuz vəziyyət atəşkəs olub.

“Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəm deyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsində Minsk qrupunun həmsədrləri bir neçə il bundan əvvəl bəyanatlarla çıxış ediblər, status-kvonun qəbuledilməzliyi, onun dəyişdirilməli olması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözəl başa düşürdülər və başa düşürlər ki, bu atəşkəs çox amanabənddir, davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir. Buna görə də sülh barədə danışmalı olsaq mən, ilk növbədə, onu genişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən, həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibinin Minsk qrupunun və onun həmsədrlərinin bugünkü tərkibindən fərqli ola biləcəyini istisna etmirəm. Ona görə ki, Minsk qrupu 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı. O dövrdə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyən prinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdığımız mövzuya qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar”, – Azərbaycan Prezidenti bildirib.

Konfiqurasiyanın necə olacağı barədə suala cavabında Prezident İlham Əliyev bildirib ki, yəqin ki, bu barədə danışmaq hələ tezdir: “Fikrimcə, bu barədə danışmaq hadisələri bir qədər qabaqlamaq deməkdir. Sadəcə istəyirəm ki, qonşularımız və tərəfdaşlarımız mənim mövqeyimi bilsinlər. Düşünürəm ki, regional əməkdaşlıq çox sahələrdə özünü kifayət qədər göstərib. Son illərə diqqət yetirsək görmək olar ki, Azərbaycan öz qonşuları ilə birlikdə əməkdaşlığın möhkəm regional formatının yaradılması üzərində çox fəal iş aparıb. Bu, siyasi, iqtisadi, nəqliyyat, energetika sahələrində və hər hansı başqa sahələrdə əməkdaşlığa aiddir. Uzun illərdən sonra, praktiki olaraq, müstəqillik dövrünün əvvəlindən başlayaraq beş Xəzəryanı ölkə arasında Xəzər dənizinin hüquqi statusunun nizamlanmasına dair Konvensiya imzalamaqla əldə etdiyimiz nailiyyətlərə baxmaq kifayətdir. Əvvəlcə həmin ölkələrin bəziləri ilə razılığa gələ bilmirdik, lakin sonra biz xoş məram göstərərək razılığa gəldik və bunun üstünlüklərini gördük. Bu gün böyük dövlət olan Rusiya ilə digər böyük dövlət, NATO-nun üzvü olan Türkiyə arasında əməkdaşlıq NATO ölkələri ilə Türkiyənin əməkdaşlığından qat-qat səmimi, möhkəm və səmərəlidir. Məsələn, NATO üzvü olan digər ölkə Türkiyəni daim nədəsə günahlandırır. Bunlar yeni geosiyasi reallıqlardır, 1992-ci ildə bunlar yox idi. Dünya dəyişib. Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həll potensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri və ya sabitləşmiş fikirləri yox. Bu gün münaqişənin fəal fazaya keçdiyi və Ermənistanın baş nazirinin, – mən bunu görürəm, – öz telefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kimin nizamlama potensialına malik olması aşkar görünür. Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar”.