Arxa cəbhədə viruslarla mübarizə davam edir

219

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin icra etdiyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” layihəsinin üçüncü mərhələsi başa çatıb.
İcrası 2020-ci ilin avqust-noyabr aylarını əhatə edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Bu barədə Sosialmedia.az-a təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva sayta məlumat verib.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri bildirib ki, layihənin cari mərhələsi çərçivəsində həssas əhali qrupuna aid edilən şəxslər üçün Sumqayıt şəhərində yoluxucu xəstəliklərin profilaktikasına dair maarifləndirici xarakterli məlumatlandırma təşkil olunub.

Tədbirin açılışında ilk öncə Vətən uğrunda döyüşlərdə şəhid olan hərbçilərimiz və həyatını itirmiş mülki vətəndaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan, Azərbaycan Respublikasının ərazisinə – hərbi mövqelərə, yaşayış məntəqələri və mülki əhaliyə ağır və qadağan edilmiş silahlarla hücum edən erməni ordusunun mənfur təxribat əməlləri qətiyyətlə pislənilib. Dünya lider ölkələrinin və dünya ictimaiyyətinin bu məsələdə ədalətli mövqe nümayiş etdirməklərinin zəruriliyi bildirilib.
Qeyd olunub ki, hal hazırda ölkəmiz iki cəbhədə mübarizə aparır. Onun biri işğal olunmuş torpaqlarımız uğrunda, digəri isə dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədir. İndi COVİD cəbhəsində aparılan işlər əvvəlkindən daha çox diqqət və vətəndaş məsuliyyəti tələb edir, bu baxımdan yoluxma hallarının artmasına yol verilməməlidir. Arxa cəbhədə virusa yoluxmanın qarşısını almaq istiqamətində aparılan bütün profilaktik işlər ön cəbhəyə dəstək olmaq deməkdir.

Tədbir layihə rəhbəri Ziba Nəbiyevanın viruslu hepatit və koronavirus xəstəliklərinin profilaktikası barədə elektron təqdimatla davam etdirilib. Viral hepatitlər və COVİD-19 infeksiyası, onların növləri və kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları və profilaktik qabaqlayıcı tədbirlər barədə əhatəli məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Məlumatların yadda qalımlı olması üçün maarifləndirici materiallar müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə də təqdim olunub.

İnteraktiv şəkildə aparılan tədbirdə həkim, qastroenteroloq Rəşad Həsənov iştirakçıların sağlıq durumu ilə bağlı suallarını cavablandırıb və müvafiq məsləhətlər verib.

Daha sonra tədbir sosial həssas qrup üzvlərini qayğılandıran məsələlərin dinlənilməsi və müzakirəsi ilə davam edib. Müzakirədə iştirak edən “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İB-nin sədri Səbinə Kərimova və “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” IB-nin sədri Zenfira Mustafayeva hazırkı dönəmdə virus mənşəli infeksiyalarla mübarizəni gücləndirmək istiqamətində atılan təşəbbüslərin önəmliyi barədə fikirlərini bildiriblər.
Sonda “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən koronavirusun profilaktikasına dair tədbirlərə dəstək olaraq 150 ədəd tibbi maska, bir litrlik və 60 ədəd 100 ml-lik qablarda spirt, 110 ədəd sabun, 100 ədəd viral hepatit və COVİD-19 mövzusunda maarifləndirici çap materialları iştirakçılara paylanılıb.