İİTKM: Ermənistanın turizm sektorunu canlandırma planı uğursuzluğa düçar olub

274

2020-ci il ərzində pandemiya səbəbindən Ermənistanın turizm sektoru ciddi zərərlə üzləşib.

SosialMedia.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Rəşad Hüseynov deyib.

Onun sözlərinə görə, belə ki, keçən illə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi bu ilin ilk altı ayı ərzində 90%-dən çox azalıb.

“Təkcə bu ilin birinci rübündə bu sektorda 135 mln. ABŞ dolları civarında itkilər qeydə alınıb. Ermənistan hökuməti cari ilin payız mövsümündə turizm sektorunun nisbətən canlanacağını proqnozlaşdırırdı. Bu səbəbdən də bu ilin sentyabr ayından ölkə turizm xidmətləri göstərən sahələrin yenidən beynəlxalq turistlər üçün açıldığını elan etmişdi. Lakin Ermənistanın sentyabr ayının 27-də Azərbaycana qarşı hücuma keçməsi və Azərbaycan ordusunun əks-həmləyə başlaması işğalçı ölkənin turizm sektorunun inkişafı ilə bağlı planlarını alt-üst etdi”, – deyə R. Hüseynov qeyd edib.

R. Hüseynov əlavə edib ki, son məlumatların təhlili göstərir ki, Azərbaycan ordusunun uğurlu zərbələrindən sonra uzun müddət ərzində Ermənistanın turizm sektoru özünə gələ bilməyəcək. Çünki Ermənistan artıq beynəlxalq turistlər üçün çox riskli ölkəyə çevrilib.

“Ermənistanda turizm sektorunun çöküşü bu ölkənin xarici ticarət balansının formalaşmasına da mənfi yöndə ciddi təsir edəcək. Bu sahədə davam edən geriləmə onu deməyə əsas verir ki, yaxın gələcəkdə işğalçı ölkənin milli valyutasına təzyiqlər artacaq. Nəticədə dramın digər valyutalar qarşısında dəyərinin azalması və milli valyutaya inamsızlığın artması müşahidə olunacaq. Turizmin geriləməsi həm də bu sektorda çalışan 125 min nəfərin böyük hissəsinin iş yerini itirməsi riskini ciddi şəkildə artırır”, – deyə R. Hüseynov qeyd edib.

Dünya Səyahət və Turizm Şurasının (The World Travel & Tourism Council, WTTC) verdiyi ən son məlumatlara əsasən turizm sektoru hazırda Ermənistan ÜDM-in 11,8%-ni formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12,5%-i məhz bu sektorda çalışır. İqtisadiyyatın turizm sektorunun ümumi ixracdakı payı nəzərə çarpacaq dərəcədə böyükdür. Belə ki, ən son statistik məlumatlara görə, təxminən 1,3 mlrd. dollar ixrac göstərici ilə turizm sektorunun ümumi ixracdakı payı 24%-ə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, ixrac edilən məhsul və xidmətlərdən daxil olan hər 100 dolların təxminən dörddə biri məhz turizm sektorunun hesabına formalaşır.