QHT könüllülərinin xeyirxah addımı

283

Sosialmedia.az bildirir ki, Ölkə Prezidentinin Azərbaycanda “Könüllülər İli” elan etdiyi 2020-ci il başa çatmaq üzrədir. Tarixə ümumbəşəri bəlaya çevrilmiş koronavirusla mübarizə və torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlamış ermənilərlə müharibə ili kimi, nəhayət, Zəfər ili kimi qovuşan “Könüllülər İli”ndə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi yeni bir təşəbbüsə imza atıb . Bu barədə Sosialmedia.az–a
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova bildirib. O,qeyd edib ki,
təşkilatın İdarə Heyəti yaşlılara qayğılı münasibətə önəm verən gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, İctimai Birliyin “Könüllülər Qrupu”nun yaradılması barədə qərar qəbul edib. Əsas məqsəd gənclərin yaşlı və tənha insanların sosial problemlərinin həllinə cəlb etmək, onlara qayğkeşlik, xeyirxahlıq, mərhəmət və şəfqət hisslərini aşılamaq, nəticədə nəsillərarası münasibətlərin milli-mənəvi dəyərlər əsasında təkmilləşməsinə töhfə verməkdir.
Qrup üzvləri İctimai Birliyin “Ahıllara və tənhalara dəstək olaq”, “Bərəkətli əllər”, “Qarşınızda baş əyirik”, “Sosial, hüquqi, tibbi və mədəni maarifləndirmə”, “Əsgər ailələrinə dəstək olaq” layihəlrinə qoşulmaq, yaşlı insanlara diqqət və qayğı göstərilməsi ilə bağlı sosial yönümlü yeni layihələr hazırlayıb gerçəkləşdirmək niyyətindədirlər.
“Könüllülər Qrupu”nun ilk üzvləri bu günlərdə Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsinin sakini, Vətən müharibəsi qazisi, gizir Cəbrayılov Namiqlə görüşüblər. Düşmənlə savaşda bir gözünü və nitq bacarığını, nəticədə əmək qabiliyyətini itirmiş, bir körpə övlad atası Namiq ailəsi və atası ilə birgə kirayə mənzildə yaşayır. Anası Namiq dördgünlük olanda dünyasını dəyişib. Cəbhəyə üz tutduğu səbəbdən kiçik torpaq sahəsində evinin tikintisi yarımçıq qalıb. Ailənin maddi durumu ağırdır…
Qazinin ailəsinə baş çəkən Qrup üzvü, ADMİU-nun tələbəsi Xatun Absəlimova deyir: “Ali Baş Komandanın təşəbbüsü ilə “YAŞAT” Fondunun yaradılması bizi xeyirxah addım atmağa həvəslndirdi. Yeni yaradılmış qurum şəhid və qazi ailələrinə maddi yardım göstərəcək. Tərkibində yaşlı üzvlər olan əsgər ailələrinə mənəvi dəstək göstərmək də vacibdir… Qazimizlə, onun ailəsi, yaşlı atası ilə görüşdük. Ərzaq məhsulları ilə yardım etdik. Namiqin körpə övladına uşaq çarpayısı hədiyyə etdik… Bizə qələbə sevinci yaşatmış hər bir kəsə mənəvi dəstək göstərmək hər birimizin borcudur”.
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin “Könüllülər Qrupu”nun üzvləri sərt karantin rejiminin başa çatması və işğaldan azad edilmiş ərazilərə gediş-gəlişin bərpa olunmasını səbirsizliklə gözləyirlər. İctimai Birliyin İdarə Heyətinin təklifi ilə könüllülər yeni layihə müsabiqəsinə cəlb ediliblər. Məqsəd doğma yurd-yuvalarına qayıdacaq ahıl və tənha soydaşlarımıza sosial və məişət problemlərinin həllində yardımçı olmaq, qayğıkeş gəncləri ahıl ailələrində təsərrüfat işlərinə cəlb etməkdir.
Xeyriyyəçilik layihələri müsabiqəsində qayğıkeş gənclərə uğurlar olsun!