Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 5 rayonda psixoloji dəstək tədbirləri keçirilib

138

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixo-sosial dəstək tədbirlərinin təşkili” adlı layihə icra edilib. Layihə Əmək və Əalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin maliyyə yardımı ilə icra olunub.

Bu barədə Sosialmedia.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Layihə Zərdab, Ağsu, İsmayıllı, Ucar, Samux rayonlarında həyata keçirilib. Layihə çərçivəsində psixoloqla birlikdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib. Görüşlər koronavirus COVİD-19 pandemiyası dövründə aparıldığı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməklə aparılıb.

Görüş keçirilmiş ailələr arasında 44 günlük Vətən müharibəsi dövründə zərər çəkmiş şəxslər də olub. Ailə üzvləri xüsusi ilə, psixoloji travma almış uşaqlarının psixoloqla görüşməyini xahiş edib. Müraciətləri nəzərə alaraq psixoloq həmin ailələri ziyarət edib. Müharibədən ziyan görmüş xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdə onlara və ailə üzvlərinə məsləhətlər verilib.
Qeyd edilib ki, fiziki imkanları məhdud olan uşaqları cəmiyyətə inteqrasiya etmək, onların bacarıqlarını üzə çıxarmaq, təxəyüllünü inkişaf etdirmək, fiziki imkanları daxilində aktiv fəaliyyətə cəlb etmək lazımdır. Bu sahədə əsas vəzifə valideynin üzərinə və ətrafdakı insanların üzərinə düşür. Eyni zamanda, bu kateqoriyadan olan uşaqlar tez-tez həkim yanında olmalı, xüsusi ilə psixoloq konsultasiyasına cəlb edilməlidir.