QHT sədri- Erkən nigah gələcəyə zərbədir

283

Gənc nəslin hərtərəfli inkişafının sürətləndiyi müasir dövrdə tədqiqatçılar erkən evlilik probleminin araşdırılmasında, erkən nikahların səbəb və nəticələrinin öyrənilməsində maraqlıdırlar. Bu maraq yeni reallıqlarla üzləşmiş mütərəqqi bəşər əhlinin bir çox dəyərlərin itirildiyi dövrdə ailə institutunu qoruyub saxlamaq və sağlam cəmiyyət formalaşdırmaq istəyindən doğur.

Sosialmedia.az xəbər verir ki, bu sözləri
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova deyib.

O qeyd edir ki,erkən nikah 18 yaşına çatmamış ərlə arvad arasında baş tutmuş nikahdır. Statistikaya görə, erkən yaşlarında ailə qurmuş gənclərin nikahı əksər hallarda 2-3 ildən sonra boşanma ilə sona çatır. Bu cür sonluqdan ən çox əziyyət çəkənlər, mənəvi və psixoloji sarsıntı ilə üzləşənlər isə qızlardır. Hər il dünyada hələ yetkinlikdən uzaq olan milyonlarla qız ailə həyatına qədəm qoyur.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dünya ictimaiyyətinə üz tutaraq yorulmadan gənclərin taleyinə mənfi təsir göstərən, onlara sevincdən çox kədər, inamsızlıq və ümidsizlik yaşadan, sağlam cəmiyyətin formalaşmasına, ailə institutunun möhkəmlənməsinə mane olan erkən nikahlara son qoyulması tələbi ilə çıxış edir.
UNİCEF hesabatlarında bir sıra ölkələrdə yaşı 18-ə çatmamış qızların təxminən yarısının artıq ailə həyatına qədəm qoyduqları bildirilir. Qeyd olunur ki, ən çox erkən hamiləlik, milli adətlər və yoxsulluq yetkinlik yaşına çatmamış qızları erkən evliliyə vadar edir.

Bu cür nikah çox zaman erkən hamiləliyə, qızların səhhətində ciddi ağırlaşmalara, psixoloji problemlərin yaranmasına səbəb olur. Hər il dünyada 15-19 yaşlı 15 milyondan çox qız ana olur və özü uşaqlıq dövründən tam ayrılmadığı halda uşaq böyüdüb bəsləmək məcburiyyətində qalır.
Təəssüf ki, bir çox gənc qız çox erkən yaşda analığın hamiləlik və doğuş zamanı ağırlaşmalara səbəb olduğunu, bir çox hallarda erkən hamiləliyin günahsız körpənin ölümü ilə nəticələndiyini bilmir. Gənc anaların övladları arasında xəstələnmə və ölüm hadisələrinin faiz göstəriciləri olduqca yüksəkdir. Erkən yaşda hamiləlik çox zaman erkən doğuş və ağırlaşmalarla nəticələnir, anemiya və histozlarla (şişkinlik, yüksək qan təzyiqi və s.) müşayiət olunur.

Bütün dünyada 15-19 yaşlı qızların həyatla vidalaşmalarının ən geniş yayılmış səbəbi erkən hamiləlik və ya doğuş zamanı ölüm hadisəsidir. Erkən doğuş gənc ananın yalnız sağlamlığına mənfi təsir göstərmir, həm də ona təhsil almaqla, cəmiyyətə qovuşmaqla, həyatda fəal mövqe tutmaqla bağlı ciddi problemlər yaşadır. Ümumiyyətlə, erkən nikah və erkən analıq qadınlar üçün təhsil və məşğulluq imkanlarını məhdudlaşdıra, həm özünün, həm də övladının həyat keyfiyyətinə uzun müddət ərzində mənfi təsir göstərə bilər.

Çox gənc ana əksər hallarda maddi çətinliklərlə üzləşir və bu səbəbdən xroniki stres içində yaşayır ki, bu da onun körpə övladı üçün təsirsiz ötüşə bilməz.
Sirr deyil ki, erkən nikahlar bizim ölkədə də, xüsusən bəzi bölgələrdə nadir hadisə sayılmır və bir sıra hallarda qızlar hətta 13-15 yaşlarında ailə qururlar. Səbəblər qismində isə aşağıdakıları sadalamaq olar:

-erkən evliliyin tarixi ənənələr və mentallıq xüsusiyyətləri ilə bağlılığı, eləcə də “tez evlənənlə tez yuxudan duran qazanar” kimi stereotiplərin mövcudluğu;

-valideynlərin erkən nikahın qızlarını cinsi istismardan qoruya biləcəyinə dair yanlış fikirlərin üstünlük təşkil etməsi;

-valideynlərin aztəminatlı ailənin maddi durumunu yaxşılaşdırmaq, ümidsizlikdən qurtulmaq istəyi;

-əyalətdə yaşayan qızların təhsil almaq və ya əmək fəaliyyətinə cəlb olunmaq imkanlarının məhdudluğu və s.

Erkən evlilik ciddi fəsadlar yaradır: doğuş və ölüm riski, ana və uşaq ölümləri ilə səciyyələnən erkən hamiləlik baş verir, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır; qızlar təhsildən uzaqlaşır, cəmiyyətdən təcrid olunur və yalnız evdar qadın statusu ilə barışmalı olur, peşəyə yiyələnmək imkanından məhrum olurlar; ailə qayğıları ilə üzləşən, fiziki və cinsi zorakılığa məruz qalan gənc analar arasında boşanma halları və intihar hadisələrinin sayı artır və nəticədə cəmiyyət yeni sosial problemlərlə yüklənmiş olur.

“Uşaq hüquqları haqqında” Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilirlər. Uşaqların nikaha daxil olması isə insan hüquqlarının pozulması hesab olunur. Qızların erkən nikaha daxil olması adətən onların öz istəyi ilə, valideynlərinin təzyiqi altında, ailədə maddi vəziyyətin yaxşılaşdırılması məqsədilə, qaçırıldığına və ya hamilə olduğuna görə baş verir.

Ölkəmizdə erkən nikahlar son dövrdə ictimai diqqət çəkən aktual mövzuya çevrilib. Biz tez-tez televiziya efirində, mətbuat səhifələrində, sosial şəbəkələrdə bu mövzu ətrafında müzakirələrin şahidi oluruq. Bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi bir sıra dövlət qurumlarının, çoxsaylı qeyri-hökumət təşkilatlarının fəaliyyəti təqdirəlayiqdir.

Lakin maarifləndirmə işlərinin yalnız uşaqlar və gənclər arasında aparılması ilə kifayətlənmək olmaz. Valideynləri erkən evliliyin fəsadları barədə məlumatlandırmaq, onlara övladlarını erkən nikaha məcbur etməklə hansı nəticələrlə üzləşəcəklərini dərk etdirmək, bu addımın təkcə qanun pozuntusu deyil, həm də azyaşlı övladlarının psixoloji durumuna və sağlamlığına ciddi təhlükə olduğunu anlatmaq olduqca vacibdir. Bu istiqamətdə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Nə qədər ki, valideynlər övladlarını erkən evliliyə məcbur etməklə özlərində hüquqi məsuliyyət hiss etmirlər, erkən nikahın acı nəticələri və məişət zorakılığı ilə bağlı ictimai müzakirələrdə mütəmadilik təmin edilmir və nə qədər ki, televiziya efirində uğursuz ailə münasibətlərinin təsviri uğurlu ailə münasibətlərinin təbliğini üstələyir, cəmiyyətimiz erkən nikah probleminin həllində ciddi dönüş əldə edə bilməyəcəkdir.
Erkən nikahın əksər hallarda valideynlərin, ailənin yaşlı üzvlərinin təkidi və ya razılığı ilə baş tutduğunu nəzərə alsaq, maarifləndirmə işinin daha çox məhz bu yaş qrupuna aid insanlarla aparılmasının vacibliyini dərk etmiş olarıq. Böyük həyat təcrübəsinə sahib olan ahıl yaşlı ailə üzvləri həm də gənclərin maarifləndirilməsində aparıcı qüvvəyə çevrilə bilər, erkən evliliyin qarşısının alınmasında vətəndaş cəmiyyətinə yardımçı ola bilərlər.
Uşaqlar – gələcəyimizdir.

Gələcəyimizi əqli, fiziki və mənəvi baxımdan sağlam görmək istəyiriksə, onların müstəqil ailə həyatına qovuşmalarına həssaslıqla yanaşaq. Zamanı qabaqlamaqla gələcəyimizi itirə bilərik.