Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib

1537

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq Şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.

SosialMedia.az-ın məlumatına görə Yubilyarın iştirakı ilə keçirilən, millət vəkili, akademik Nizami Cəfərovun aparıcısı olduğu tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, Azərbaycan Respublikasının Əməkdar Artisti Azad Şükürov, ədəbiyyatünas Məti Osmanoğlu, ədəbiyyatçı alim Sərvaz Hüseynov, şair Rafael İncəyurd, şairə, “Qızıl Qələm” mükafatçısı Cığatel İsaqızı və başqaları çıxış edərək böyük şairin doğum gününü təbrik ediblər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti dəfə mükafatlandırılaraq 90 illik yubileyi münasibətilə mədəniyyətimizin inkişafında xüsusi xidmətlərinə, uzunmüddətli səmərəli fəaliyyətinə görə respublikamızın ali dövlət mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik ediblər.

Qeyd olunub ki, Xalq Şairi Nəriman Həsənzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. O, öz yaradıcılığı ilə neçə-neçə nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlara xeyirxahlıq, halallıq, düzlük, səmimilik, vətənsevərlik və s. kimi humanizm prinsiplərinin aşılanmasında mühüm rol oynamış şairdir. Virtual zəmində keçirilən tədbirdə çıxış edən Nəriman Həsənzadə ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse – Prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Xəyal Nağıyev Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi