Sumqayıt hadisələrində məkrli planlar- Əkrəm Bəydəmirli

564

Hər il fevralın 27-28-də Sumqayıt hadisələri haqqında media yazır, müzakirələr aparılır və bu məkrli planların mahiyyəti geniş auditoriyalara, beynəlxalq ictimaiyyətə effektli şəkildə çatmır. Ermənilər isə hər zaman, bütün məsələlərdə olduğu kimi Sumqayıt hadisələrini təhrif edərək, öz məkrli planlarına uğun şəkildə dünyaya çatdırmağa çalışırlar. Sumqayıt hadisələrindən xeyli zaman ötsə də, onun qaranlıq məqamları hələ də qalır.

Niyə görə Sumqayıt hadisələri baş vermişdi?

Həmin vaxtda, yəni 1988-ci ilin fevralından başlayaraq Azərbaycan Ermənistanın ərazi iddiaları ilə üzləşirdi. Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başladığı gündən orada yaşayan azərbaycanlılar tarixi dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdu. Ağdam-Əsgəran yolunda 1988-ci il fevralın 22-də iki azərbaycanlı gəncin – Əli Hacıyev və Bəxtiyar Quliyevin öldürülməsi də azərbaycanlılara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi. Amma ermənilər Azərbaycanın hər yerində, o cümlədən Sumqayıtda rahat şəkildə yaşayırdılar.

Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, bu xalq hər zaman qarışıq məqamlardan öz çirkin niyyətləri üçün istifadə edib. 1905-1907-ci illərdə, 1917-1918-ci illərdə inqilabı hərakatın baş verdiyi dövrdə, istərsə də I dünya müharibəsində (1914-1918) Osmanlı ərazisində ermənilərin təxribatçı əməlləri məlumdur. Həmin situasiyalardan yararlanan bu xalq görün, nə qədər qanlı proseslərə imza atıb. Əslində Sumqayıt hadisələri də strateji erməni təxribatlarının tərkib hissəsi idi.

Sumqayıtda ermənilərin terror qrupları orada yaşayan bir neçə sadə ermənini öldürməklə ciddi hədəflərə nail olmaq istəyirdi. Bəs, onların strateji hədəfləri nə idi?

1988-ci ildə təcavüzlə üzləşən Azərbaycanı təzyiq altında saxlamaq və azərbaycanlıları vəhşi xalq kimi dünyada tanıtmaq, nüfuzdan salmaq üçün ermənilər belə qondarma planlarını həyata keçiriblər. Digər tərəfdən azərbaycanlılarla birgə yaşayışın mümkünsüzlüyünü yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün belə addımlar atıblar. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazandırmaq üçün belə çirkin planların gerçəkləşdirilməsi şübhə doğurmur.

Sumqayıt hadisələrinin törədilməsi və həmin hadisələrin birbaşa icraçısı Eduard Qriqoryanın və onun dəstə üzvlərinin çox rahat şəkildə yoxa çıxması, qaranlıq məqamlardan xəbər verir. O zaman məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Bu da bir daha onu təsdiqləyir ki, Sumqayıt hadisəsi Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin birgə işi idi. İstintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri məkrli erməni planının tərkib hissəsi idi.

Sumqayıtın iğtişaş yeri kimi seçilməsi isə ciddi düşünülmüşdü. Bir çox erməni məhkumlar müxtəlif bəhanələrlə azadlığa buraxılmış və məqsədli şəkildə şəhərdə məskunlaşmışdılar.

Azərbaycanın hüquq mühafizə orqanlarının bu hadisələri geniş təhqiq edərək Sumqayıt hadisələrində günahkarların ortalığa çıxarılması və ümumilikdə bu prosesə hüquqi qiymət verilməsi müsbət haldır.

Həmçinin Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük müstəntiqi Nadir Mirzəyevin mətbuat konfransında maraqlı məqama toxunub. Müstəntiq bildirib: “Həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan qaçqın düşmüş azərbaycanlılar kimi təqdim edib və erməniləri şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində danışıblar. Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamın qaldığı, iğtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Sumqayıt şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun günahını azərbaycanlılarının boynuna atmaq istəyiblər”.

Hadisələrin sonrakı gedişi göstərdi ki, hər şey məqsədli şəkildə icra edilib. İğtişaş Ermənistanın təxribatının nəticəsi idi. Hadisə ilə əlaqədar cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçiblər. İstintaq materialları, çoxda uzaq olmayan həmin dövrü, hadisələri xatırlayanlar bu gün birmənalı şəkildə təsdiqləyirlər ki, bu hadisələri Ermənistan xüsusi xidmət orqanları törədib. Şəhər əhalisi olan azərbaycanlılar öz humanistliyini göstərərək bəzi erməni ailələrini Eduard Qriqoryanın və onun dəstə üzvlərinindən qoruya bilib. Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanatda da qeyd olunub: “Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir”.

Dəyərli oxucular, sonda onu qeyd etmək istərdim ki, erməni təxribatı ilə bağlı bütün məqamlar geniş tədqiq olunmalıdır, həmçinin Azərbaycanın əleyhinə aparılan saxta təbliğatı zamanında ifşa etmək üçün peşəkar beyin mərkəzlərinin formalaşmasına zərurət var.