Komitə yanında İctimai şuraya vətəndaşın namizədliyinin qeydə alınması şəffaflığın “fontan” vurmasına bənzəyir

389
Cəsarət Hüseynzadə
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinə seçki keçirilib.
Etiraf edim ki, namizəd olan heç bir QHT nümayəndəsi mənə dəstək üçün müraciət etməmişdi. Lakin uzun müddətdir ki, bu sahədə monitorinq apardığım üçün səsvermədə iştirak etmək üçün müraciət etmişdim.
Bu gün səsverməyə getdim. Elə qapıda yaxın dostumuz və sanbalı QHT rəhbəri yarızarafat dedi ki,  ona səs verməsəm də olar. Sözsüz ki, həm dostumuz, həm də ki, layiqli namizəd olduğu üçün ona və digər bir neçə həmkarımıza səs verdik. Seçilən həmkarlarımızı da təbrik edirəm.
Gələk seçki ilə bağlı məqamlara …
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizəd kimi 11 nəfər qeydə alınmışdı. Bülletendə 2 şəxsin vətəndaş kimi qeyd olunması suallar yaradır. Komitə ölkədə 4 minə yaxın QHT-nin olduğu halda, niyə 2 vətəndaşın namizədliyini qeydə alır. Vətəndaşın namizəd kimi qeydə alınması qanunla tam və açıq göstərilmir.
Sual olunur Komitə niyə bu addımı atıb?
Mənim fikrimcə İctimai Şura üzvlüyünə namizədlərin sayının az olduğu üçün Komitə rəqabətlilik fonu yaratmaq üçün bu addımı atıb.
Namizədlərin sayı niyə az olub?
1-ci ehtimal: Komitə özü maraqlı olmayıb. Məlumatları QHT sektoruna çatdırmayıb. Bu səbəbdən namizəd sayı az olub. Namizəd az olduqda isə seçkini keçirmək daha rahatdır.
2-ci ehtimal: QHT-lərin Komitənin keçirdiyi seçkilərə inamı yoxdur. Sözsüz ki, QHT-lər hər hansı quruma inanmadığı halda seçkilərdə iştirak etmirlər.
Əlbəttə 3-cü və ya dördüncü ehtimal və səbəblər də ola bilər.
Mənim fikrimcə, vətəndaşın İctimai şuraya bir başa müstəqil sürətdə namizəd olmasına qanun imkan vermir. Əgər bu şəxsin namizədliyi hansı qrup tərəfindən irəli sürülübsə, bülletendə həmin qrupun adının göstərilməsi vacibdir.
Başqa bir məqam namizəd olan şəxsin həmin sahə üzrə bilik və bacarığa malik olması və bu sahədə çalışmasıdır. Lakin bülletendə adı qeyd oluna şəxslərin hansı sahəyə aid olmasın təyin etmək çox çətindir.
Qanunvericiliyə görə  hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Bəs vətəndaş cəmiyyəti institutuna hansı qurumlar daxildir? Qanunvericiliyə görə vətəndaş cəmiyyəti institutları dedikdə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri başa düşülür.
Bu qanun mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai şuralarına seçkiləri nəzərdə tutduğundan bələdiyyələrin məhəllə komitələrini məncə yerli icra hakimiyyəti yanında ictimai şuralara aid etmək daha düzgün olar. Vətəndaşların təşəbbüs qrupları da bir qədər qeyri dəqiqdir və bir növ kimisə İctimai şuraya salmaq məqsədi güdür. Mənim fikrimə görə, bu terminlə  qeydiyyatdan keçməyən QHT-ləri qəbul etsək daha ədalətli olar.
İctimai şuralara keçirilən seçkilərdə bu cür anlaşılmaz vəziyyətin yaranması  bir daha qanunvericilikdə boşluqların olduğunu təsdiqləyir.
Sonda qeyd edim ki, seçki vaxtı 1 nəfərin 2 təşkilat adından səsvermədə iştirak etdiyini də müşahidə etdim. Bu məqam da heç də yaxşı hal deyil. Komitə əməkdaşlarının səsvermədə iştirakla bağlı diqqəti və həssas münasibəti üçün təşəkkür edirəm.