Əliyev 11 il öncə Zəngəzur haqda nə danışmışdı… – Fakt

266

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşünün 31 marta təsadüf etməsi olduqca vacib bir nüansdır. Bildiyiniz kimi, 31 mart – azərbaycanlıların soyqırımı günüdür və belə mötəbər tədbirin həmi gün keçirilməsi bütün türk ölkələrinin bu və bu kimi günlərin bir daha təkrar edilməməsi üçün verilən mesajıdır. Bunun da əsas yolu birlik, bərabərlik və qarşılıqlı əməkdaşlıqdır.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, Prezident İlham Əliyev sammitdə çıxışı əsnasında Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə əlaqədar hadisələrə geniş yer verdi:

“Cənab Prezident çıxışı zamanı Ermənistanın 44 günlük müharibədən öncə məqsədyönlü şəkildə təxribatlar törətdiyini, bu hərəkətlərin dözülməzliyini, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının və 2020-ci ilin yayında Ermənistanın müdafiə nazirinin yeni əraziləri işğal etmək niyyətilə anonslarını xatırlatdı. Əslində bu məsələlər unudulmamalı, daim xatırladılmalıdır.

Şübhəsiz, qardaş ölkələrin diqqətinə Ordumuzun qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi, regionda Azərbaycanın yaratdığı yeni siyasi vəziyyət çatdırıldı. Bu, həm də o ölkələrin özü üçün mühüm bir mesaj idi. Yəni türk ölkələri heç də düşünüldüyü kimi zəif deyil, birlikdə böyük bir güc ola bilər və Azərbaycanın əldə etdiyi tarixi qələbə həm də digər türk ölkələrinin qələbəsidir”.

E.Nəsirov bildirib ki, cənab Prezident tük ölkələrinin rəhbərlərinin diqqətinə regionda Azərbaycanın yaratdığı yeni reallıqları və bu reallıqların tarixi əhəmiyyətini çatdırıb:

“Cənab Prezident çıxışı zamanı Naxçıvanla Azərbaycan arasında əsas kommunikasiya əlaqələrinin qurulması, Zəngəzur dəhlizinin əhəmiyyəti və bu dəhlizlə bağlı 10 noyabr tarixli bəyanatda müvafiq bəndin qeyd edilməsi haqda məlumat verdi. Mahiyyət etibarilə Zəngəzur dəhlizi həm Azərbaycan, həm regionumuz, həm də türk dünyası üçün olduqca vacibdir. Bu dəhliz türk dünyasının əsas quru bağlantısıdır və tez bir zamanda bu bağlantı Azərbaycanın təşəbbüsü ilə yenidən bərpa ediləcək.

Onu da qeyd edim ki, 10 noyabr bəyanatına Zəngəzur dəhlizi ilə bağlı bənd ölkə başçısının xüsusi təşəbbüsü ilə salınıb. Əslində ölkə başçısı 2009-cu ildə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Naxçıvanda keçirilən zirvə toplantısında Naxçıvan və Zəngəzur dəhlizi haqda məlumat vermişdi. Görünür, Prezident hələ 2009-cu ildə Zəngəzurla bağlı özü üçün strateji hədəflər müəyyənləşdirmişdi. Bütün bu və digər məsələlər bir daha onu göstərir ki, cənab Prezident uzaqgörən və türk dünyası üçün vacib bir liderdir”.