“ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının arxasında başqa məqsədlər güdülür” – Rəfail Becanov

54

“ABŞ-ın Türkiyənin dövlət qurumuna və onun dörd vəzifəli şəxsinə sanksiya tətbiq etməsi Bayden Administrasiyasının gizli niyyətindən xəbər verir. ABŞ hökumətinin rəsmi mətbu orqanı olan Federal Qeydiyyatda artıq müvafiq sənəd yerləşdirilib. “Qara siyahı”da Müdafiə Sənayesi Nazirliyinin və onun rəhbəri İsmayıl Demir də daxil olmaqla, 4 vəzifəli şəxsin adı var. Sanksiyalar aprelin 7-də qüvvəyə minəcək”.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “Cümhuriyət” qəzetinin baş redaktoru, Cebhe.info-nun baş direktoru Rəfail Becanov deyib.

R.Becanov bildirib ki, sanksiyaların səbəbi kimi Türkyənin Rusiya ilə hərbi əməkdaşlığı göstərilsə də, arxasında başqa məqsədlər güdülür:

“Çünki ABŞ hökuməti Türkiyə ilə Rusiyanın əməkdaşlığı qədər onlar arasındakı problemləri, fikir ayrılıqlarını da yaxşı bilir. Türkiyə Liviya, Suriya və keçmiş SSRİ-yə daxil olan türk dövlətləri ilə bağlı Rusiyaya dirəniş göstərən faktiki yeganə güc mərkəzidir.

Ukrayna məsələsində də Türkiyənin mövqeyi ortadadır. Nəinki Donbası, həm də Krımı Ukrayna ərazisi hesab edir. Deməli Türkiyə yürütdüyü siyasi xətlə həm də ABŞ-ın regiondakı maraqlarını müdafiə edir.
İqtisadi və müəyyən qədər hərbi sahədə olan əməkdaşlığının kökündə isə Qərbin ikili standartları dayanır.

Türkiyə istədiyi hərbi sənayeni inkişaf etdirmək dəstəyini Qərbdəki müttəfiqlərindən ala bilmirsə, nə etməlidir? Belə də ABŞ Rusiyanı bəhanə edərək nədən Türkiyəyə sanksiya tətbiq edir? Bunun ilkin cavabı Liviyaya münasibətdə özünü artıq göstərib. ABŞ rəsmiləri Liviyaya “başqa ölkələrin qoşunlarını ərazinizdən çıxarın, sizə dəstək verək” fikri Türkiyənin regionda söz sahibi olmasını qəbul etməmək istəyindən irəli gəlir”.

Bəfail Becanov əlavə edib ki, Türkiyə ilə yanaşı Almaniya da ABŞ-ın hədəfindədir:
“Lakin hələ ki, sanksiya tətbiqi nəzərdə tutulmur. Türkiyəyə qarşı isə prosesə artıq start verildi. Çünki Türkiyə regional oyunçuya çevrilir. Bu isə ABŞ-ı da, digər Qərb ölkələrini də narahat edir”.