Rusiya Bakıya “günah keçisini” “göstərir” – Şərh

55

Faktiki olaraq Moskva ya özü 44 günlük müharibə zamanı Azərbaycana qarşı İsgəndər-M raketlərindən istifadə edib, ya da Ermənistana müharibədə tətbiq etməsi üçün razılıq verib. Hər iki halda bunun məsuliyyətini Rusiya daşıyır.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Turab Rzayev deyib.

Politoloqun sözlərinə görə, ANAMA-nın Şuşa şəhərində İsgəndər-M raketinin qalıqlarının aşkarlanması çox ciddi faktdır:

“Azərbaycan təbii ki, Şuşada tapılan İsgəndər-M raketlərinin qalıqlarını dəlillər və sübutlarla birlikdə açıq-aşkar dünya ictimaiyyətinə təqdim etdi. İndiki halda rəsmi Bakı Moskvadan cavab gözləyir.

Düşünürəm, Rusiya Bakının suallarına cavab verə bilməyəcək. Rusiyanın özünü təmizə çıxarmaq cəhdlərindən də biz bunu görə bilirik. Moskva fərqli ssenarilər ortaya atdı. İddia edildi ki, müharibədə “İsgəndər”dən istifadə edilməyib. ANAMA-nın ortaya qoyduğu faktdan sonra isə raketlərin erməni oliqarxlar tərəfindən Rusiyanın Cənub Hərbi Dairəsindən qeyri-leqal yollarla əldə edilərək, Ermənistana ötürüldüyü ehtimalı dövriyyəyə buraxılıb.

Əlbəttə ki, bunların heç biri real deyil. Rusiya kimi bir ölkə hərbi arsenalında nüvə bombasından sonra ən böyük silahına sahib çıxa bilmirsə, bu, birbaşa Kremlin nüfuzuna böyük zərbə deməkdir.

Ötən gün Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması kimi bir xəbərin yayılmasının əsas məqsədi də günahı erməni lobbisinin üzərinə yıxmaqdır. Bildiyiniz kimi, Qərbdə erməni lobbisi həm maliyyə, həm də siyasi baxımdan güclüdür. Rəsmi Moskva belə xəbərlər tirajlayaraq əslində göstərmək istəyir ki, erməni lobbisi İsgəndər-M raketlərini Ermənistana göndərə bilər. Yəni biz Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını aldıq. Ola bilər ki, İsgəndər-M-lər də bu yolla Ermənistana göndərilir.

Ancaq bu, bəsit oyunlardır və bununla kimsəni inandırmaq olmaz”.