Qərbin unutdurmağa çalışdığı 9 May: Azərbaycanın böyük qələbəyə ehtiramı

1018

9 May Qələbə Günü bu gün bütün postsovet ölkələrində qeyd olunur. Azərbaycanda da bu tarix faşizm üzərində qələbə günü kimi yad olunur. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir.

Artıq 75 ildir ki, 9 may – faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər.

Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.

Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Bu faktların özü 9 Mayın Azərbaycan üçün nə qədər önəmli bir tarix olduğunu göstərir. Digər tərfdən 9 May təkcə Azərbaycan üçün deyil, həm də digər postsovet ölkələri üçün önəmlidir və ya önəmli olmalıdır. Amma bəzi ölkələr, konkret desək Gürcüstan bu tarixi dəyişdirərək yenidən yazma siyasəti aparır.

Beynəlxalq analitiklər Gürcüstanın tutduğu bu yolda Qərbin təsirinin həlledici olduğunu bildirir. Qeyd edək ki, bu məsələdə, yəni 9 May Qələbə Gününün önəmini azalmaqla bağlı Qərb, Brüssel artıq uzun illərdir çalışır, bu tarixin dəyişdirilməsində canfəşanlıq edir. Qərbin bu siyasəti faşizm üzərində qazanılan böyük qələbəyə kölgə salmaq məqsədi güdür.

Gürcüstanda artıq bir neçə ildir ki, 9 may tarixinin qeyd olunmamasını təklif edir. Təklifin başında isə hazırda müxalifətdə təmsil olunan Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadzenin dayandığı iddia olunur. İddialar müxalifət adına yazılsa da, hazırkı gürcü prezident Salome Zurabişvili də 9 mayla bağlı fərqli düşünür. Salome Zurabişvili hesab edirə ki, hazırda Rusiya ilə problemləri olduğu üçün 9 may Qələbə Gününü qeyd etmək doğru deyil. Beynəlxalq ekspertlər isə hesab edir ki, 9 maya qarşı Gürcüstan ictimaiyyətinin fərqli yönə istiqamətlənməsinin arxasında birbaşa olaraq sabiq prezident Mixail Saakaşvili dayanır.

Eks-prezident Mixail Saakaşvili eləcə də “Wall Street Journal”da 9 May qələbə gününün əleyhinə 2019-cu ildə yayımlanan məqalənin sifarişçisi olmaqda ittiham olunur. Qeyd edək ki, sözügedən bəyanat gürcü cəmiyyətində böyük səs-küyə səbəb olduğundan, Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirmək məcburiyyətində qaldı.
Azərbaycanda isə bu günə günasibət tamamilə fərqlidir. Azərbaycanda Böyük Vətən Müharibəsində qazanılan qələbəyə böyük ehtiram nümayiş olunur.

Müstəqil Azərbaycanın tarixində hər il 9 May böyük coşqu ilə qeyd olunub. Hələ 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə Ümummilli lider Heydər Əliyev demişdi:

“Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi.

Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi.

O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.

1941–1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıb. Onların adı bu gün də böyük sayqı və ehtiramla çəkilir.

“Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”-bu sözlər Ümummilli lider Heydər Əliyevə məxsusdur.

Göründüyü kimi, Azərbaycan hər zaman 9 may tarixinə xüsusi önəm verir, Böyük Vətən Müharibəsinə ehtiramını göstərir.
Bu gün də Azərbaycan dövləti Böyük Vətən Müharibəsi iştirakçılarına böyük diqqət, qayğı, ehtiram göstərir. Hər il 9 may tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibə veteranları ilə görüşür, onlara daim diqqət və qayğı göstərir.

Hazırda ölkədə 4000 nəfərə qədər Böyük Vətən müharibəsi iştirakçısı var. Onlar hər zaman dövlətin qayğısı ilə əhatə olunur və mütəlif məbləğlərdə təqaüdlər alırlar. Prezident İlham Əliyevin hər il imzaladığı sərancamlarla onlara əlavə birdəfəlik maddi yardım ödənilir, pulsuz müalicələrə göndərilir, həyat şəraitlərinin yaxşılaşdırılması üçün konkret işlər görülür.
Bütün bunlar isə onu deməyə əsas verir ki, 9 may tarixi faşizm üzərindəki qələbə günü olaraq Azərbaycan üçün çox böyük və önəmli tarixdir.