Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mədəniyyət işçiləri ulu öndərin abidəsini ziyarət etmişdir

1879

10 may 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, idarənin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə hər üç rayonda ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Xəyal Nağıyevin SosialMedia.az-a verdiyi məlumata görə idarə rəisi Elbəy Əli çıxış edərək bildirib ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri bütün dünya ölkələrində ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən bütün tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbətlər açılır, xatirəsi daim əziz tutulur.

Ümummilli Liderin abidəsi önündə çıxış edənlər vurğulayıblar ki, təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün müstəqil Azərbaycan dövlətini yaratmışdır. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu siyasi məktəbin yetirməsi, Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Cəmi 44 günlük müharibədə düşmən üzərində qazandığımız möhtəşəm Zəfər də məhz bu uğurlu siyasətin, ordu quruculuğunun bəhrəsidir.

Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev dühası qarşısında baş əyirik. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.