Xüsusi Təyinatlı Qüvvələrin “Mixaylo”su- Sahibə Ələkbərova yazır

1845

Onlar bizim niskilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz və örnəyimizdir!

Şübhəsiz ki, sağlam düşüncəli heç bir insan müharibə istəməzdi. Lakin sülhsevər xalqımız bu müharibəyə işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan rəhbərliyi, beynəlxalq daşnak ideoloji mərkəzləri tərəfindən zorla cəlb olunub, buna məcbur edilib. Bizi buna dünyanın biganəliyi, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu adlandırılan vasitəçilərin “yolavermə” oyunu vadar edib. İllər uzunu adçəkilən təşkilatlar təcavüzkarla, təcavüzə məruz qalanı eyni tutdular. Əfsuslar olsun ki, dünya laqeyidcəsinə bu ədalətsizliyi, yurdu yağmalanmış bir milyon azərbaycanlının ağrı-acısını soyuqqanlılıqla seyr edirdi. Artıq, “Bəsdir, yetər!”-deyə ayağa qalxan xalqın bu savaşı, dolmuş səbr kasasında axrıncı damla oldu deyə bilərik.

Bu torpaqlar ona görə müqəddəsdir ki, tarixin müxtəlif dönəmlərində yadelli işğalçılara qarşı döyüşən cəsur oğul və qızlarımızın qanı bahasına qorunub. Bu torpaqlar şəhid qanı ilə yoğrularaq Vətən olub. “Bu Vətən bizimdir!-hayqırtısı ilə canından keçən igid və mərd oğullar dünən də olub, bu gün də var və sabah da olacaq. Şübhəsiz ki, öz əməlləri ilə bu dövlətin şərəfli tarixini xalqın qan yaddaşına qızıl hərflərlə həkk etmiş qəhrəmanlarımız əbədiyyətədək yaşayacaq, var olacaq – unudulmayacaq. Onlar bizim niskilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz və örnəyimizdir!

Vətənimizin müdafiəsi uğrunda döyüşlərə atılaraq, adlarını tarixə şəhid kimi yazdıran oğulları yaxından tanımaq, onların əziz xatirələrini yad etmək isə hər birimizin borcudur. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları da bu borcu üzərində hiss edərək, şəhidlərimizin qanları ilə yazdığı qəhrəmanlıq tarixinə müraciət edib, onların vətənə olan sevgilərini örnək göstərməklə, gənclərimizin bu ruhda tərbiyəsinə öz töhvələrini verməyə çalışırlar. Muzeydə vaxtaşırı qəhrəmanlarımızın xatiərə gecələri təşkil olunur, ailələri və döyüş yoldaşları ilə görüşlər keçirilir. Ulu Öndər Heydər Əliyev demişdir: “ Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq , inkişaf etdirmək və təbliğ etməkdir” Bəli Vətən sevgisinin rüşeyimi , insanın ürəyindəki vətənpərvərlik duyğusunda kök atır. Bu baxımdan biz də işimizin əsas hissəsini vətənpərvərlik tərbiyyəsi istiqamətində davam etdirməyə çalışırıq.

Muzeyimizin qadınlar şurası, “Arxeo Klub” , “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun dəstəyilə təşkil edilən “Mənim atam qəhrəmandır” adlı görüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan, XTQ-nin Kəşfiyyat Tabor Komandiri, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Mühüd Orucova həsr edilmişdir. Qəhrəmanımızın xatirə işığına toplaşanların arasında H.Mahmudbəyov adına texniki-humanitar liseyin şagirdləri, şəhidin həyat yoldaşı Qumru xanım, iki əkiz övladı – Anar və Vuqar da var idi. (şəkil 2) Nəzərinizə çatdırmaq istərdim ki, onun ailəsi ilə daha öncə, ideya müəllifi və rəhbəri olduğum “ Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində tanış olub , görüşmüşdüm. Hər bir qəhrəmanımın ailəsi kimi , Qumuru xanımın da bir arzusu var. Həyat yoldaşının qəhrəmanlığının yaddaşlara əbədi həkk edilməsi, unudulmaması. Axı, “Səhidlər güllə dəyərkən yox, unudularkən ölürlər”

Qeyd edim ki, tədbirdə qəhrəmanımızın şərəfli döyüş yolu haqqında hazırladığım slayıd əsasında verdiyim məlumat şagirdləri çox təsirləndirdi. (şəkil 3)Hətta, şagirdlər şəhidin övladlarına təssəlli verərək söylədilər ki, -“ Siz başınızı dik tutun sizin atanız qəhrəmamdır , indi onunla təkcə siz yox hər birimiz fəxr edirik , qürur duyuruq”. Sonra , şəhidin həyat yoldaşı və övladlarının xatirələri dinlənildi. Onu da qeyd edim ki, tədbirin keçrildiyi müddətdə Mühüd Orucovun artıq muzeyeksponatına çevrilərək qorunan xatirə əşyalarının sərgilənməsi şagirdlər tərəfindən çox maraqla qarşılandı.

Bəli, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm, tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində də Vətən müharibəsi fondu yaradılıb. Burada toplanmış şəhid zabit və əsgərlərimizə məxsus, döyüşdən qalan xatirə əşyaları toplanıb. Artıq onların arasında Mühüd Orucovun da xatirə əşyaları yer alıb. Bu əşyaların hər biri tarixi əhəmiyyət kəsb edir, çünki onlar möhtəşəm qələbəmizin “şahidi”dir. Hesab edirik ki, Mühüd Orucov timsalında, torpaqlarımızın bütövlüyü uğrunda canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi gələcək nəsillər üçün böyük bir məktəb olacaq.

Söz açmaq istədiyim qəhrəmanım da qısa, lakin şərəfli ömür yolu keçmiş ,Aprel zəfərinin qazanılmasında xüsusi xidməti olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub. Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri, kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də düşmənlə həmsərhəd olan Qazax rayonunun Fərəhli kəndində doğulmuşdur. Onun uşaqlığı, demək olar ki, güllə səsləri ilə keçib. Ermənilərlə sərhəddə yerləşən kəndin dincliyi tez-tez pozulurdu. Düşmən tərəfi davamlı olaraq təxribat törədir, atəşkəs rejimini pozurdu. O, dəfələrlə günahsız insanların düşmən gülləsinə tuş gəlməsinin şahidi olmuşdur. Elə ona görə də qərara gəlmişdi ki, böyüyəndə düşməndən qisas alacaq. Beləliklə, hərbiçi olmağı qarşısına məqsəd qoymuşdu. Aradabir rastlaşdığı əsgərlərə, zabitlərə hərbi salam verərdi. Beləcə, onun ürəyində hərbi formaya sevgi yaranmışdı. Hətta atasına söz vermişdi: “Ya şəhid olacam, ya da general!” Bir tərəfdən vətənə bağlılığı, digər tərəfdən də atasına verdiyi söz onun gənc yaşında uğur qazanmağına səbəb olmuşdu. Fərdi bacarıqları hesabına qısa zamanda kapitan rütbəsinə yüksəlmiş, hərbi sahədəki istedadını görən rəhbərlik onu tabor komandiri vəzifəsinə qədər yüksəltmişdir. Bu, heç də təsadüfi deyildi. Çünki Mühüd Orucov öz istəyi ilə gənc yaşlarında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdu. Oranı yüksək nəticə ilə bitirib, Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuşdu. Ancaq o, bununla kifayətlənmədən, daim öz üzərində işləyirdi. Onun fikrincə, öz işində nə qədər peşəkar olsan, vətənə bir o qədər yaxşı xidmət edə bilərsən. Buna görə də dəfələrlə hərbi yarışlarda iştirak etmək üçün Türkiyəyə getmiş, Azərbaycanı uğurla təmsil etmiş, fəxri diplomlara və sertfikatlara layiq görülmüşdür.

M.Orucov zabit kimi xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yubileyi, “Qüsursuz xidmətə görə” III dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubileyi, “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli medallarla təltif edilmişdir. İştirak etdiyi məxfi əməliyyatlardan həmişə uğurla qayıtmış, onun sayəsində bir neçə düşmən təxribatının qarşısı vaxtında alınmışdı.

Döyüş yoldaşları onu “Mixaylo” adlandırırdı. Vətənin layiqli övladı Mühüd Orucov Müdafiə Nazirliyi tərəfindən dəfələrlə mükafatlandırılmışdı. Onun mükafatları içərisində avqust döyüşləri zamanı göstərdiyi sücaətə görə, Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezidenti İlham Əliyevin ona şəxsən hədiyyə etdiyi qızıl saat da yer alır.

Azərbaycan hərb tarixində xüsusi yeri olan 2014- cü ilin avqust döyüşləri zamanı Mühüd Orucov da ön cəbhədə idi. O, səngərə çatanda döyüşlərin qızğın vaxtı idi. Düşmən Azərbaycan ordusuna məxsus postu almaq üçün yaylım atəşi açırdı. Postdakı bir neçə zabit yaralanmış, əsgərlər şəhid olmuşdu. Mühüd Orucov yaylım atəşinə rəğmən posta girib, oradan yaralı zabitləri çıxara bilmişdi. Post silah-sursatla təmin edilmiş, düşmən layiqli cavabını almışdı. Erməni tərəfi böyük itkilər vermiş, ordu geri çəkilməyə məcbur qalmışdı.
Mühüd Orucov uğurlu əməliyyatdan sonra bölüyə qayıdanda üstünə baxdı. Bütün bədəni qan içində idi. Şəhidlərin qanı təkcə hərbi uniformasına yox, həm də bədəninə, sanki ruhuna hopmuşdu. Bu mənzərəni seyr edən kapitan taborun qarşısında çıxış edərək söz verdi: “Əziz dostlarım, sizə komandanınız və hərbçi yoldaşınız kimi söz verirəm ki, bu gün üzərimdəki hər damla qanın qisasını alacağam! Sizi əmin ediərm ki, o gün çox da uzaqda deyil”.

Onun bu əməliyyatını yüksək qiymətləndirən Ali Baş komandan onunla şəxsən görüşmüş , onun əlini sıxaraq, gələcək əməliyyatlarda uğurlar arzu etmiş, ona xatirə hədiyyəsi olan qızıl saat bağışlamışdır.

Doğurdan da özünün dediyi kimi, qisas vaxtı çox da uzun çəkmədi. Azərbaycan tarixinə 2016-cı il şanlı Aprel döyüşü kimi yazılan an gəlib çatmışdı. Erməni tərəfi dayanmadan Azərbaycan ordusunun cəbhə bölgəsindəki postlarına hücum edirdi. Mühüd Orucov ön postda düşmənə qarşı mərdliklə vuruşurdu. Erməni ordusu strateji əhəmiyyəti olduğu üçün onun postunu ələ keçirməyə xüsusi önəm verirdi. Ona görə də əsas qüvvələrini bu istiqamətdə cəmləmişdi. Mühüd Orucov bütün bunları görürdü. Kəşfiyyat yaxşı işləmişdi. Məhz buna görə də onun taboru düşmənin saysız-hesabsız canlı qüvvəsini məhv etmişdi. Onun igidliyi sayəsində postu qoruyub-saxlamaq mümkün olmuşdu.
Əsgərlərinin şəhid olduğunu görüb, son ümid kimi, bura hərbi texnika göndərməyi qərara alan düşmən , tanklar vastəsi ilə hər iki tərəfdən postu nişan almışdı. Təssüf ki, aprelin 2-dən 3-nə keçən gecə ağır artilleriyadan atılan mərmilərin qəlpələri kapitanın cismən ölümünə səbəb oldu. Mühüd Orucov ən böyük amalı uğrunda müqəddəs Şəhidlik zirvəsinə ucalaraq əbədi yaddaşlarda yer aldı. O, doğulduğu Qazax rayonunun Fərəhli kəndində 9 aprel tarixində təntənəli surətdə dəfn edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdiyi silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə M.Orucov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.
Hər birimiz, hərb salnaməmizə “Dördgünlük müharibə” kimi yazılan Aprel zəfərinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməli olduğunun şahidiyik.

Məlum olduğu kimi, bu döyüşlər Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vuraraq bir sıra strateji mövqelərin, o cümlədən Lələtəpə yüksəkliyinin azad olunması ilə nəticələndi.

Məhz, Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdıldı və ermənilər işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdilər. Bu qələbə həm də əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssüm etdirdi .

Göründüyü kimi, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Beş il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrürbəsi oldu. Məhz bu təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu, düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Qürurverici hal ondan ibarətdir ki, beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımız artıq işğaldan azad edilən bütün rayonlarımızda dalğalanır.

Bu qürür hissini bizə yaşadan bütün şəhidlərimizə Allah rəhmət eləsin!
“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!”

Sahibə Ələkbərova,
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi