İki kənd arasında

879

-Ay balam, belə də şey olar?!
Nəvələrimin üzünə həsrət qalmışam. Gəlmirlər kəndə. Bu yaşımda məcbur olub özüm gedirəm onları görməyə. Bilirsənmi niyə gəlmirlər? Çünki evimizdə internet yoxdu. Gedib yapışıram yaxalarından ki, gəlin internet çəkin. Elə deyirlər gözlə…

Gedin qonşu kəndə baxın, beş qəqiqəlik məsafə var aramızda. Hər evdə internet var. Amma bizim kənddə cəmi bir-iki evdədi. İndi deyin görüm, bu yaşımda internetə görə niyə nəvələrimə həsrət qalmalıyam ki?!

Göygöl rayonunun Dozular kəndinin ağbirçək sakini Solmaz nənənin fikirləri bizə qəribə gəlsə də, həqiqətdir. XXI əsrin 21-ci ilində yaşasaq da bəzi qəsəbə və kəndlərimizdə internetin olmaması təkcə nənələri nəvələrinə həsrət qoymur, başqa problemlər də yaradır.

“Qonşu kənd ödənişi kartla edir, biz qapıya gələn müfəttişə ödəyirik”
Bu gün Bakıda mənzilində oturan bir sakinin əlində smartfonu olmağı kifayət edir ki, bir çox xidmətlərdən asanlıqla yararlansın və istənilən məlumatı əldə etsin. Bəs, həmin sakini paytaxtdakı mənzilindən götürüb hər hansı bir rayon kəndindəki evdə məskunlaşdırsaq necə?
O mənzərəni bizə Solmaz nənə təsvir etdi…
Solmaz nənə Göygöl rayonunun Dozular kəndinin qocaman sakinlərindəndir. O, deyir ki, nəvələri kəndə gələndə orada çox qala bilmirlər, çünki kənddə internet xətti yalnız sayılı evdə var. İnternet xəttini çəkməyə gələnlərsə nənəyə söz veriblər ki, bu prosesin həyata keçiriləcək növbəti mərhələsində ilk olaraq onların evləri internetlə təmin olunacaq. Amma bunun olacağı tarix hələ heç kimə məlum deyil.

Kəndə yollananda Solmaz nənə bizi evinə dəvət etmişdi. Şəhərin yorucu səs-küyündən kənar, yaşıllığın qoynunda, Kürək çayın sahilində yerləşən evdəki masada oturub çay içən zaman qapı döyüldü. Nənə tələm-tələsik qapını açmadan içəri keçdi, yaylığının arasında nə isə götürüb qapıya sarı getdi. “Nə qədərdir borcumuz?” deyəndə anladım ki, o, artıq gələnin əvvəldən kim olduğunu bilirdi. Kənd sakinləri hələ də işıq pulunu qapıya gələn müfəttişə ödəyirlər. Solmaz nənə də deyir ki, artıq onların qapını döymə tərzini bilir.

Qapını açmazdan əvvəl pulu götürərək ödəniş üçün hazırlığını görür.
İndi isə gedək Pənahlılar kəndinə. Dozular kəndindən 5 dəqiqəlik məsafədə yerləşən Pənahlılar kəndinin sakinləri kommunal ödənişləri kart vasitəsilə edirlər. Kəndin demək olar ki, hər evində internet xətti mövcuddur. Sakinlərin sosial həyatında bir çox xidmətlərin elektronlaşdırılması onlara böyük avantajlar gətirir. Kəndin sakinləri qeyd edirlər ki, hətta ödənişləri, müxtəlif köçürmə əməliyyatlarını ödəniş terminalları ilə deyil onlayn ödəniş tətbiqləri ilə belə edirlər.
Beləliklə, aralarında sadəcə 5 dəqiqəlik məsafənin olmasına baxmayaraq Pənahlılar kəndində smartfonun olması bir çox imkanlara əlçatımlılığı təmin etdiyi halda, qonşu kənddə smartfon əvvəlki “düyməli telefonu” xatırladır. Rəqəmsallaşma yalnız cihazla deyil, onunla təqdim olunan imkanlardan istifadə edildiyi zaman baş tutur.

Rəqəmsal yenilikləri əhaliyə əsl mütəxəssislər çatdırmalıdırlar.
İnternetin dünyada hökm sürdüyü vaxtdan daim dövlət təşkilatları, müxtəlif qurumlar bu imkandan istifadə edərək vətəndaşların sosial həyatlarının yaxşılaşdırılması üzərində çalışır, müxtəlif konsepsiyalarla bunu həyata keçirmək üçün tədbirlər görürlər.
Məlumdur ki, bu proseslər paytaxt və böyük şəhərlərdə daha uğurla həyata keçirilir.

Ölkə daxilindəki digər şəhər, rayon və kəndlər nəzarətsiz qalarsa bu zaman dəhşətli uçurumla üzləşərik. Comolunqma zirvəsi ilə Marian çökəkliyinin arasındakı fərqi düşünəndə yaranan təzad kimi qəribə təbəqələşməyə, bir tərəfdə müasir dünyadan, onun günümüzə gətirdiyi imkanlardan xəbərsiz toplumun, digər tərəfdə isə günün nəbzini tutan, hər yeniliklə ayaqlaşan cəmiyyətin formalaşmasına səbəb olar.
Xülasə, gələk əsas məsələyə. Bölgələrdə rəqəmsallaşmanın həyata keçirilməsi üçün tədbirlərin təşkili, yaradılan imkanların yerli əhali tərəfindən tamamilə mənimsənilə bilməsi, hər kəsə uyğun şəkildə düzgün izahı, həmin imkanlardan istifadə üçün şəraitin olması əsas şərtdir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edir ki, ilk növbədə rəqəmsal tədbirləri həyata keçirəcək şəxslərin bu sahədəki bilikləri maksimallaşdırılmalıdır. Baş verən proseslər onu göstərir ki, vətəndaş hər hansısa xidmətdən istifadə etmək üçün müraciət etdiyi zaman istər onlayn, istərsə də müəssisədə ona xidmət göstərən qurum və ya şəxs tərəfindən aydın, izahlı istiqamət verilmir. Bunun ən bariz nümunəsini sərt karantin rejiminin tətbiq edildiyi dövrdə görə bilərik. Belə ki, bir çoxları dövlət tərəfindən sosial yardıma ehtiyacı olan şəxslərə təqdim ediləcək maliyyə yardımlarını onlayn şəkildə almaqda çətinlik çəkirdi.

Bu istiqamətdə insanları asan yolla bilgiləndirmək üçün əsaslı tədbirlər görülməmişdi. Buna görə də əvvəlcə xidməti vətəndaşa təqdim edənlər mövzuya kifayət qədər hazırlıqlı olmalıdırlar.

Ekspert əlavə edir ki, digər bir məqam vətəndaşların rəqəmsal yeniliklərlə bağlı məlumatlandırılmasıdır. Sözsüz ki, 10 milyon xalq ayrı-ayrı təlimlərə və sairə cəlb oluna bilməz. Lakin vətəndaşlara bunu sadə dillə çatdıra biləcək ictimai nümayəndələrlə görüşlər, onlayn təlimlər təşkil oluna bilər. Ümumi vətəndaş auditoriyasının məlumatlandırılması üçün isə rəqəmsal biliklərə sahib jurnalistlər, kütləvi informasiya vasitələri olan radio, televiziya və sosial şəbəkələrdə hər hansı rəqəmsal yeniliyin əhəmiyyəti, ondan istifadə qaydası və s. ilə bağlı təqdimatlar hazırlaya bilərlər.

Osman Gündüzün sözlərinə görə, effektivliyin artırılması üçün tədbirlər dövlət strukturları səviyyəsində, müxtəlif bölgələrdəki yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən rəqəmsallaşdırılan əhəmiyyətli xidmətlərin, onlar haqqında təbliğatın həmin rayon və kəndlərdəki əhaliyə çatdırılması, düzgün izah olunması istiqamətində həyata keçirilə bilər. Hədəf bütün rayon, kənd əhalisi olmaya bilər. Lakin ən az yarı faizin məlumatlandırılması digərlərinin də bu xidmətdən istifadəsinə gətirib çıxaracaq.

Rəqəmsal dünyanın əsas giriş qapısı olan internet yoxdursa…

Bu gün bütün sahələrdə rəqəmsallığınartırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün addımlar atılır. Prezident İlham Əliyev 27 aprel 2021-ci ildə “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Bu fərmana əsasən 3 ay müddətində rəqəmsal transformasiya konsepsiyasının layihəsi hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək. Bu müddət yaxın günlərdə başa çatacaq və bütün sahələrdə rəqəmsal transformasiyanın sürətləndirilməsi ideyasını özündə birləşdirərək icra olunmasına yol açacaq.

Konsepsiyanın aid olduğu sahələrdən biri də məhz bank sektorudur. Rəqəmsallığa keçidi təşkil edən debet kartlar, onlardan istifadə imkanlarının hamı tərəfindən doğru mənimsənilməsi üçün bölgələrdə bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Bölgələr üzrə bank sektorunun mütəxəssisi Nihad Tağızadə deyir ki, bölgələrdə debet kartların hər kəs tərəfindən əldə olunması və istifadəsini asanlaşdırmaq üçün ödəniş terminallarının sayı artırılacaq. Bununla belə xarici ölkələrdən, əsasən Rusiyadan göndərilən mədaxillərin banka getmədən vətəndaşların mövcud kart hesablarına daxil edilməsi həyata keçiriləcək.
O, qeyd edir ki, hal-hazırda Mərkəzi Bankın layihəsi olan “Ani Ödənişlər Sistemi” bütün banklara inteqrasiya etməkdədir. Yəni vətəndaşlar pul köçürmələrini kartın üzərindəki 16 rəqəmlə deyil, mobil nömrə ilə edə biləcəklər.

Ekspert əlavə edir ki, bütün bu tədbirlərdən əhalinin xəbər tutması üçün hər bir kommersiya təşkilatının mövcud marketinq büdcələri var ki, onların ayırdığı vəsaitlə həm sosial şəbəkələr, radio və televiziyalarda, eyni zamanda bankların bölgə filiallarında da bütün yeniliklərlə bağlı ətraflı bilgiləndirmə tədbirləri həyata keçiriləcək. O, son olaraq bildirir ki, bölgələrdə əhali məxfi saxlamalı olduğu şəxsi kart məlumatlarına biganə yanaşdığı üçün aldadılır. Bununla bağlı mütləq dövlət və ya özəl qurumların təşkilatçılığı ilə maarifləndirmə tədbirlərinin keçirilməsi əsas şərtdir.

Ümumilikdə, bu gün Azərbaycanda rəqəmsallaşma tədbirləri əvvəlki illərlə müqayisədə olduqca sürətli həyata keçirilir. Vətəndaşların məlumatlandırılması üçün müxtəlif mərkəzlər istər onlayn, istərsə də oflayn təqdimatlar hazırlayır.

Rəqəmsallaşmanı Azərbaycanda ləngidən əsas səbəblərdən biri isə bölgələrdə internetin mövcudluğu və keyfiyyətidir. Təəssüf ki, yazının əvvəlində qeyd etdiyim hal günümüzün reallığıdır. Rəqəmsallaşmaq istəyən kütlə rəqəmsal dünyanın əsas giriş qapısı olan internetə çata bilmədiyi zaman orada rəqəmsallaşmadan necə söhbət gedə bilər?!
Bu gedişlə Solmaz nənənin dediyi olmasa yaxşıdır: Bala, bax, bizim bu dağlar o qədər yüksəkdir ki, bu dağlarda çətin kiməsə nəsə çata.

Aydan XƏLİLOVA