Qarabağ münaqişəsini onlar alovlandırıb, sənədlər var – Qusman

244

SSRİ-nin dağılması Qarabağ münaqişəsindən başlayıb. O zamanlar münaqişə yaratmaq istəyi yalnız fanatik millətçilər tərəfindən deyil, həm də xarici kəşfiyyat üzvləri tərəfindən sovet torpağına gətirilmişdi. Bu münaqişənin arxasında konkret olaraq Qərb xüsusi xidmət orqanları dururdu. Bu, sovet torpağında rəngli inqilabın ilk cəhdi idi. Məqsəd aydın idi – Sovet İttifaqının dağılması. Məni belə düşünməyə sövq edən onlarla sənəd var. Mən o sənədləri görmüşəm.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

“Mənim fikrimcə, SSRİ mərkəzi hakimiyyəti bu hadisələrə reaksiya verməkdə çox gecikirdi. Moskvaya məlumatlar da kifayət qədər qeyri-dəqiq, bəzən çox gec gəlirdi. Görünür, ölkənin o vaxtkı rəhbərliyi separatizm metastazlarının təhlükəsini başa düşmürdü. Yeri gəlmişkən, Qorbaçov da bu yaxınlarda yazdığı məqaləsində bunu etiraf edib.

Az sayda insan xatırlayır ki, 1991-ci ilin sentyabrında Yeltsin və Nazarbayev tərəfləri barışdırmaq, Konstitusiya qaydasının bərpasına kömək etmək ümidi ilə Dağlıq Qarabağa getdilər, lakin separatçılar onların təkliflərini qəbul etməmişdilər. Unutmaq olmaz ki, bütün beynəlxalq rəsmi sənədlərə, o cümlədən BMT-nin bir neçə müvafiq qətnaməsinə görə Dağlıq Qarabağın ərazisi Azərbaycana məxsusdur. Bu artıq heç müzakirə mövzusu ola bilməz”, – deyə o qeyd edib.