Ermənilər Xankəndidə nəyə hazırlaşır? – Video

274

Sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü” keçirməyə hazırlaşır: 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.

Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb və onu qondarma “müstəqillik günü”nə dəvət edib. Tovmasyan Ermənistan parlamentindəki bütün fraksiya rəhbərləri ilə görüşməyə və onları da dəvət etməyə hazırlaşır. Bildirir ki, sentyabrın 1-də qondarma “parlamentin” xüsusi iclasını keçirəcəklər və Ermənistan deputatlarını da orada görmək istəyirlər.

Bu, müharibədən sonra separatçı-terrorçuların ilk keçirmək istədikləri “müstəqillik günü”dür. Bunun reallaşması üç kontekstdə təhlükəlidir:

1. Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq istəyi stimullaşır;

2. Ermənistan “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanır;

3. “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verir.

Bakının bunun qarşısını diplomatik tələblərlə ala bilməsi çətindir, xüsusilə bölgədə mövcud olan Rusiyanın sərgilədiyi mövqe fonunda. Yeganə yol ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbənin elə sentyabrın 2-də vurulmasıdır, yaxud ən azından izi qalacaq dərsin verilməsidir.