Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin şəhid olmasından 29 il ötür

277

Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin şəhid olmasından 29 il ötür.

SosialMedia.az-ın məlumatına görə, Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya göz açıb.

Şövqiyar Abdullayev 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdıb.

Şövqiyar Abdullayev 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda yeni yaradılan Milli Orduya yazılıb, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilib. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçib, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparıb. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib. Az vaxt içərisində Drambon kəndi azad edilib. Eyni zamanda mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılıb. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulub. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilib, amma müalicəsi tam başa çatmamış yenidən cəbhəyə qayıdıb. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.

29 avqust 1992-ci ildə Bakının Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.