Rəfail Becanov: “Azərbaycan Laçın dəhlizini bağlamaq məcburiyyətində qalacaq”

344

“Ermənistanın təxribatları, Rusiya sülhməramlılarının öz üzərlərinə götürdükləri missiyanı tam yerinə yetirməmələri Laçın dəhlizinin fəaliyyətinə yenidən baxılmasını zəruri edir. Ona görə ki, Ermənistan təxribatlarını sistemli şəkildə davam etdirir və Rusiya tərəfi də baş verənlərə faktiki göz yumur.

Rus sülhməramlı missiyasının cavabdeh olduğu ərazidə bir növ yeni silahlanma tendensiyası yaşanır”.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, sülhməramlıların cavabdeh olduğu ərazilərə ermənilərin bu şəkildə, hətta silahlı şəxslərin rahat gəlib-getməsi davam edərsə, Laçın dəhlizi ilə bağlı razılaşmaya yenidən baxılmasından başqa çarə qalmır:

“Proses və təxribatlar dərinləşdikcə, Azərbaycan tərəfi qəti qərar vermək məcburiyyətində qalacaq. O qərar isə Laçın dəhlizinin bağlanmasıdır. Çünki ermənilər özləri də, silahları da ancaq o dəhlizlə Xankəndinə daşınır.

Rusiya tərəfi isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, Azərbaycana qarşı təhdid və xoş olmayan addımlar sərgiləyir. Laçın dəhlizində keçirilən təlimlər bunun işarəsidir. Bu təlimlərlə Azərbaycana təzyiq niyyəti güdülür. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin “təlim simulyasiya edilmiş düşmənin pilotsuz təyyarələrindən istifadə edərək, mümkün pozuntuların qarşısını almaq, müşahidə məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədi daşıyır” məlumatı əslində əzələ nümayişidir. Bu, təlimin motivindən aşkar bilinir. Ermənistanın PUA-sı, pilotsuz təyyarəsimi var? Ermənistan ordusu 44 gündə darmadağın olub. Onun özünə gəlməsi üçün bəlkə də 44 il lazımdır!”

R.Becanovun fikrincə, Rusiyanın bu təlimi Azərbaycana qarşıdır:

“Rusiya tərəfi hesab edir ki, təxribatlar davam edərsə, Azərbaycan Laçın dəhlizini bağlamaq üçün 44 günlük müharibənin ən müasir taktikasını tətbiq edə və PAU-larla prosesi nəzarətə götürə bilər. Ona görə də əsas motiv PUA-lar qarşı təlimlər seçilib.

Laçın dəhlizini bağlamaq və ya istifadəsinə şərait yaratmaq Azərbaycanın suveren hüququdur. Zəngəzur dəhlizinin açılması əngəlləndikcə, Rusiya üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsi üçün Ermənistana təzyiq etmədikcə və sülhməramlı missiyanın cavabdeh olduğu ərazilərdə silahlı birləşmələrin tam tərksilah olunması həyata keçirilmədikcə, Azərbaycan öz suveren hüququndan istifadə etməlidir.

Rusiya sülhməramlı missiyasının cavabdeh olduğu ərazilərdə göstərdiyi fəaliyyət ATƏT-in Minsk Qrupunun 30 illik dönəmdə sərgilədiyi fəaliyyətdən heç nə ilə fərqlənmir. Sülhməramlılar da ATƏT-in Minsk Qrupu kimi ikili standartla fəaliyyət göstərir, missiyalarını yerinə yetirməkdən çox missiyalarına daxil olmayan fəaliyyətlərlə məşğul olurlar.

Gah humanitar aksiyalar təşkil edirlər, gah da erməniləri kilsələrə daşıyırlar… Kilsəyə erməni daşımaq sülhməramlı missiyadırmı?”