Fəhmin Hacıyevin dövlət əleyhinə fəaliyyəti

4374

Sosialmedia.az bildirir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfər bütün milli və dövlətçi şəxslər tərəfindən birmənalı şəkildə qəbul edilir.

Bu, tarixi zəfərlə yanaşı, eyni zamanda Azərbaycan tarixində ilk böyük qələbə hesab olunur. Azərbaycan müharibə yolu ilə işğal altında olan torpaqlarını azad etdi, ərazi bütövlüyünü, dövlət sərhədlərini bərpa etdi.

Bu gün artıq işğaldan azad olunmuş ərazilərdə sürətli şəkildə quruculuq, bərpa işləri gedir, hava limanlarına təyyarə səfərləri təşkil olunur. Bütün bunlar 44 gündə qazanılan böyük zəfərin nəticəsidir.

Amma təəssüflər olsun ki, bu zəfərə kölgə salmaq istəyənlər də var. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu cür fəaliyyət aparan şəxslər azərbaycanlılardır.

Onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1992-93-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı olmuş Fəhmin Hacıyevdir. Fəhmin Hacıyev Qarabağda qazanılan tarixi zəfəri kölgə altına salmağa çalışır, bunu isə Rusiya sülhməramlıları ilə bağlayır.

F.Hacıyev keçmiş həbçi, I Qarabağ müharibəsinin iştirakçısı kimi, müharibənin nə olduğunu bilməmiş deyil. O, bilməlidir ki, müharibələrdə qələbə hərbi güclə yanaşı, həm də siyasi qərarlarla qazanılır.

Qarabağda hərbi əməliyyatların dayandırılması üçün imzalanan, Azərbaycanın qələbəsini rəsmiləşdirən üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının bölgəyə gəlməsi məsələsi bəndlərə salınıb. Bundan əlavə həmin bəyanatlarda Azərbaycanın xeyrinə olan bir çox bəndlər mövcuddur.

Təkcə Zəngəzur dəhlizinin açılması məsələsinin o bəndə salınması Naxçıvanın Azərbaycanın əsas hissəsi birləşdirilməsi məsələsi böyük diplomatik qələbədir.
Digər tərəfdən bu bəyanat Azərbaycan tərəfindən imzalanıb və bütün hallarda dəstəklənməlidir.

Rusiya sülhməramlıları ilə bağlı hər hansı bir problem onsuz da dövlət səviyyəsinə dilə gətirilir, bunun üçün öhtəlik götürən tərəfə xəbərdarlıqlar olunur.

Amma dövlətin apardığı siyasətə, özü də belə bir dönəmdə qarşı çıxmaq, qazanılan tarixi zəfərə kölgə salmaq dövlətə qarşı çıxmaqdan başqa bir şey deyil. Bu cür davranışlar erməni maraqlarına xidmətdən başqa bir şey deyil.

Bəllidir ki, Fəhmin Hacıyevin bu fəaliyyəti Qərb dairələrindən gələn sifarişdən qaynaqlanır. Məlumdur ki, Azərbaycanın tarixi zəfəri bir sıra Qərb dairələrini ciddi narahat edir. Ona görə də Qərb dairələri Fəhmin Hacıyev kimi şəxslərdən istifadə edərək Azərbaycana qarşı hücumlar təşkil edirlər.

Ümumiyyətlə, Fəhmin Hacıyev daim bu tip məsələlər gündəmə gəlib. Bir müddət əvvəl Fəhmin Hacıyev özünün facebook hesabında 4 iyun Gəncə qiyamı ilə bağlı status yazaraq o zaman özünün də təmsil olunduğu hakimiyyəti sərt tənqid edib, prosesdə onları ittiham etmişdi.

Yuxarıda da qeyd etdiyimiz kimi, Fəhmin Hacıyev I Qarabağ döyüşlərinin iştirakçısıdır. O dövr Ağdam rayon rabitə şöbəsinin rəisi Cavid Əliyev Fəhmin Hacıyevlə bağlı xatirələrində bunları deyir: “Burada özbaşınalıq idi.

Fəhmin Hacıyevin öhdəsində olan “Qrad” qurğularını götürərək Ağcabədiyə getmişdi. Haradasa 9, yaxud 12 “Qrad” qurğusu olubdur. Onların birindən də bir atəş açılmamışdı”.

Daha bir müharibə iştirakçısı Rövşən Şükürov isə bunları deyir:
“Fəhmin Hacıyev vardı. Keçiriləcək əməliyyata guya rəhbərlik etməli idi. Amma inanın ki, mən bunu tam mübağiləsiz deyirəm. Xocalı faciəsinin baş verdiyi gün, əhali buraya toplaşanda, o, üçüncü mərtəbədən nərdivanla düşüb qaçdı”.
Göründüyü kimi, bütün bunların Fəhmin Hacıyevin Azərbaycan əleyhinə fəaliyyətinin nə ilki, nə də sonudur.

Onun səsləndirdiyi fikirlər təbii ki, ictimai dəstək ala bilməz.

Xaricdə oturub sosial şəbəkələr vasitəsilə çirkin kampaniyaları aparmaqla nəyisə nail olmaq mümkün deyil. Bu üsulu bu günə qədər bir çox şəxs sınayıb, nəticə isə fiaskodan başqa bir şey olmayıb. Fəhmin Hacıyev özü də bunun başa düşməli, fəaliyyətində redaktələr aparmalıdır.