Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirildi

158

Sosialmedia.az bildirir ki, 09 sentyabr 2021-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər yubiley tədbiri keçirildi.
Ilk öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zəki Öztürk, Gürcüstan Respublikasının Baş konsulu Nikoloz İaşvili, Gəncədən olan millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin rəhbəri Fuad Əliyev, şəhərin elm, təhsil, gənclər idman idarələrinin rəhbəri, digər rəsmi qonaqlar, şəhər ziyalıları və mədəniyyət işçisləri tədbirlə bağlı şəhərin Heydər Əliyev meydanında Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində olan Uşaq İncəsənət və Rəssamlıq Məktəblərinin, Gəncə Dövlət Rəsm Qalereyasının, Gəncə Dövlət Kukla Teatrının, eləcə də şəhər misgərlərinin nümayiş etdirdikləri sərgi ilə tanış oldular.
Tədbirin aparıcıları Gəncə Dövlət Dram Teatrının aktyorları mikrofon önünə gəldilər. 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-a kimi çəkən II Qarabağ Vətən müharibəsində qazanılmış Tarixi Qələbə üçün öz canlarından keçərək şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin aparıcıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.01.2021-ci il tarixli məlum Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını, bununla bağlı keçirilən tədbirləri diqqətə çatdırdılar.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyorlarının (direktor Respublikanın Əməkdar Mədəniyyət İşçisi Əli Qasımovun rəhbərliyi ilə) ifasında Nizami Gəncəvinin “Xəmsə”si motivində “Xəmsə” ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Gəncə Dövlət Dram Teatrının aparıcı aktyoru, səhnə ustası Respublikanın Xalq artisti Alim Məmmədov Nizami rolunda səhnəyə gələrək tədbir iştirakçılarını salamladı.
Sonra “Xəmsə” ədəbi-bədii kompozisiyası təqdim olundu.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri (bədii rəhbər Respublikanın Əməkdar artisti Elçin Elçiyev) hazırladığı musiqi proqramını təqdim etdi.
Musiqi proqramı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertura” ilə başladı. Konsertdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar, Azərbaycanı, Gəncəni vəsf eləyən mahnılar səsləndirildi. Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev və digər ifaçıların çıxışları şəhər sakinlərinin zövqünə oxşayıb.
Tədbirin sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov tədbirin iştirakçıları ilə görüşdü.
Tədbir iştirakçıları dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş yubiley tədbiri üçün şəhər rəhbərliyinə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Tədbir yerli və respublika TV vasitəsi ilə nümayiş üçün lentə alındı.