Uşaqlardan da mollara giriş üçün kimlik istənilir

192

Məlum olduğu kimi, ictimai iaşə müəssisələrinə, otellərə və iri ticarət mərkəzlərinə gedərkən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVİD-19 pasportu tələb olunur. Qayda tətbiq edilməyə başladıqdan sonra sözügedən obyektlərə daxil olanlar arasında xeyli narazılıqlar yaranıb.

İddialara görə, mollara, kafe və restoranlara gedən müştərilər “e-təbib” tətbiqindən peyvənd olunduqlarını təsdiqləyən onlayn sənədi göstərsələr də, onlardan şəxsiyyət vəsiqələri tələb olunur. Bəzi hallarda isə cüssəli görünən azyaşlılardan da COVİD-19 pasportu istənilir, şəxsiyyət vəsiqəsi üzərində olmayıb yaşını təsdiqləyə bilməyənlər içəri buraxılmır. Vətəndaşlar bu amilləri daha çox yoxlanış aparanların təcrübəsizliyi ilə əlaqələndirir.

Sosialmedia.az bildirir ki, Bununla bağlı Axar.az saytına danışan Gənclik Mollun mətbuat xidmətindən bildiriblər ki, yoxlanış zamanı əsas prioritet şəxsiyyət vəsiqəsidir:

“Vətəndaşların COVİD-19 pasportlarının yoxlanılması üçün Elektron Hökumətin İnkişafı Mərkəzinin yaratdığı xüsusi mobil tətbiqdən istifadə olunur. Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVİD-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun peyvənd pasportunun olub-olmamasını müəyyən edir. COVİD-19 pasportunun QR kodunu oxutduqda tətbiqdə heç bir şəkil çıxmadığına görə biz əlavə olaraq şəxsiyyət vəsiqəsini tələb etməli oluruq. Vaksin pasportunun QR kodunu oxutduqda yaşıl hərflərlə peyvənd olunduğu göstərilir. Təbii ki, biz dəqiqləşdirmə aparmaq üçün şəxsiyyət vəsiqəsini istəyirik. Çünki başqasının COVİD-19 pasportu da göstərilə bilər. Bu isə təhlükə daşıyır”.
Qeyd olunub ki, əsas giriş qapılarında 3 nəfər mühafizə əməkdaşı, digər qapılarda isə 1 və ya 2 mühafizə heyəti yoxlama işləri aparır:

“Əməkdaşlarımız yoxlanış qaydaları ilə bağlı təlimat alıblar. Azyaşlılar məsələsinə gəlincə, bəzi uşaqlar yaşlarından daha böyük görünür deyə, biz təhlükəsizlik məqsədilə yoxlanış edirik. Burada məqsədimiz dövlətin ticarət mərkəzlərinə qoyduğu qanunlara tam əməl etməkdir”.