Şuşaya aparan yol zəfər yoludur

307

Müdriklər haqqlıdırlar: insanı yaşadan – möcüzədir. Adi axarı ilə ömür yolumuzda bir-birini əvəz edən günlərin bəzəyidir möcüzələr…
Nə xoş ki, belə bir möcüzəli günü yaşamaq mənə də nəsib oldu – Şuşanı gördüm…

İllərlə həsrətində olduğumuz, şəhidlik zirvəsinə ucalmış övladlarımızın canı və qanı bahasına düşmən caynağından qurtulmuş Şuşada oldum.
Sentyabrın 12-də ölkəmizdə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri və media nümayəndələri ilə birgə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən işğaldan azad olunmuş Şuşa şəhərinə təşkil olunan səfərdə iştirak etdim.

Şuşaya aparan yol – Zəfər yoludur.
Xalqımızın 30 illik Qarabağ həsrətinə haqq və ədalətin bərpası uğrunda qanlı savaşda Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti ilə son qoyan Zəfər yolu… Qəlbi Vətən eşqi ilə döyünən hər bir kəsə təzadlı hisslər yaşadır bu yol – göz işlədikcə uzanan çöllərə, sinəsi qayalı, başı dumanlı dağlara baxdıqca 28 illik həsrətin acısı sevinc hissinin şirinliyinə qatılır. Hər birimizin sonsuz həyəcanla yaşadığı 44 günlük savaşın hər günü, hər saatı bu yol boyu yaddaşımızda canlanır, bir daha o günlərə qayıtmış oluruq… Doğma Şuşaya qayıtdığımız kimi.

Taleyinə Vətəndən ayrılıq acısı və Vətənə qovuşma sevinci yazılmış bu qədim şəhərin yaxınlığında yerləşən, Qarabağ xanlığı dövründən əcdadlarımızın milli bayramları, el şənliklərini qeyd etdikləri məşhur Cıdır düzü, böyük şairimiz Molla Pənah Vaqifin bərpa olunmuş məqbərəsi, şəhərin mərkəzi meydanında əzəmətlə ucalan Yuxarı Gövhər Ağa Məscidi, Vətən müharibəsində böyük Qələbənin rəmzinə çevrilmiş Şuşa Qalası hər bir ziyarətçiyə unudulmaz hisslər yaşadır. Heydər Əliyev Fondu tərəfindən bərpa olunan bu məkanlara bu gün xüsusi diqqət və qayğı ilə yanaşılır. Mədəni və dini abidələrimizə yeni nəfəs verən hər bir kəsə böyük minnətdarlıq hissi ilə ölkəmizin mədəniyyət paytaxtına çevrilmiş Şuşanın uzun müddət barıt qoxusu verən, bu gün isə çörək ətri bürümüş küçələri ilə addımladıqca insanlıq anlayışından uzaq ermənilərin azğınlığı və vəhşiliyinin bir daha şahidi oluruq – dağıdılmış evləri və xarabalığa çevrilmiş həyətləri gördükcə, erməni vandalizminin şiddətinə təəccübləndiyin qədər bu mənzərəni dəfələrlə seyr etmiş bir çox əcnəbilərin, beynəlxalq təşkilatların nümayəndələrinin susqunluğuna təəssüflənirsən.

Bu özü bir möcüzə deyilmi? Uzun illər düşmən tapdağı altında inildəyən, bu gün isə dünyaya yenidən göz açan Şuşa təzadlı mənzərəsi ilə hər bir ziyarətçinin qəlbində nikbin ovqat yaradır. Ölkə Prezidentinin rəhbərliyi və birbaşa nəzarəti altında həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri bu qədim şəhərin məşəqqətli həyatını canlandırır, ona təkrarolunmaz gözəlliyini və qürurverici məğrurluğunu qaytarır.

Şuşaya aparan yol… Bu yola qədəm qoyan hər bir kəs sözlə ifadə edilə bilməyən hisslər keçirir. İfadə edə biləcəyim isə sonsuz minnətdarlıq hissidir: Qarabağ incisini Azərbaycana qaytarmış Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, mərd və rəşadətli qazilərimizə təşəkkürümü bildirir, qanı Şuşa torpağına hopmuş şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Möhtərəm Prezidentimin etiraf etdiyi kimi, “Şuşaya gələn insan buradan getmək istəmir”…
Şuşaya aparan yolun yolçusu olmaq – şərəflidir.
Zəngin təəssüratlarla geri dönürük. Bir daha Şuşaya qayıtmaq arzusu ilə…
İstəyim rəhbərlik etdiyim “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin himayəsində olan, gənc və orta yaşlarında min-bir zülümlə doğma ocağından ayrılmış və bu gün Şuşaya qovuşmaq həsrəti ilə yaşayan ahıllarla birgə uca dağların qoynunda həyata yenidən qədəm qoyan bu müqəddəs məkanı ziyarət etməkdir.

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri