Xətaidəki bu küçəyə hər şey atılır, hətta yararsız maşın da

153

Xətai rayonunda “Həzi Aslanov” metrosu ilə Gəncə prospektini birləşdirən kiçik Xudu Məmmədov küçəsinin “böyük” dərdləri bitib-tükənmir.

Sosialmedia.az xəbər verir ki, bu küçədə vaxtaşırı olaraq piyada səkiləri zəbt edilir, cari təmirdə isə avtomobil yolunun hesabına yeni səkilər yaradılır və hər 2-3 ildən bir təkrarlanan bu hal yolun getdikcə daralmasına və tıxaclara səbəb olur. Eyni zamanda, yol kənarındakı ağaclıqların yerində də sürətlə obyektlər peyda olur.

Bir az qapalı və “göz”dən kənar olan küçənin kənarlarında isə nəinki zibillik, həm də istifadəyə yararsız avtomobillər, təkərlər də sıralanır.

Bir müddət öncə küçənin Gəncə prospektinə yaxın hissəsində, ağacların arasında “yararsız avtomobillər parkı” yaranmışdı. İndi ora təmizlənib – həm də ağaclarla birlikdə və yerində obyekt peyda olub.

Əvəzində isə küçənin ortasında analoji vəziyyət yaranıb. Yararsız avtomobillərin yanında isə inşaat materialları tullantısı, məişət avadanlıqlarından tutmuş üfunət yayan zibil yığınlarına qədər, hər zad tapmaq mümkündür.

Görünür, bu da yeri obyektə sakinlərin narazılığı olmadan satmağın yeni üsuludur. Hər necə olsa, sakinlər üfunət yayan zibillik və yararsız avtomobillərdənsə, obyektin tikilməsinə razı olarlar…