“Qalib ordu”nu “fərari orduya” çevirdik – Ekspert

244

Vətən müharibəsində əldə edilmiş qələbənin ən böyük əhəmiyyətlərindən biri 30 il işğalda olan torpaqlarımızın azad edilməsidir. Xalqımızın dünyada qalib xalqlar arasında adının çəkilməsidir. Biz artıq bir məğlubiyyət sindromunu çiynimizdən atıb, qələbənin fərəhli, qürurlu günlərini yaşayırıq. Təbii ki, bu müharibədə itkilərimiz oldu. Zatən müharibə itkisiz olmur. Biz məhz şəhidlərin, qazilərin, müharibə iştirakçılarımızın, hərbi qulluqçularımızın qəhrəmanlığı, xalqımızın ordumuza verdiyi birmənalı dəstək və hakimiyyətin bu məsələni məntiqi sonluğa çatdırmaq üçün iradəsi sayəsində qələbə qazandıq.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında 44 günlük Vətən müharibəsinin ildönümünü şərh edən hərbi mütəxəssis Ədalət Verdiyev deyib.

Mütəxəssis vurğulayıb ki, Azərbaycan postmünaqişə dövründə şərtləri diktə edən tərəf kimi qəbul edilir:

“Azərbaycanın bu müharibədəki qələbəsi yalnız ölkəmiz və region üçün əhəmiyyətli deyil, bu qələbə həm də dünyada mövcud olan bir çox separatçı rejimlərə qarşı mübarizənin yol xəritəsidir. Bu yol xəritəsinin müəllifi məhz Azərbaycan əsgəri, Azərbaycan xalqıdır. Dünyada bir çox ölkə var ki, əsrlərdir separatizmlə mübarizə aparıb, amma bu mübarizədə nəticə əldə edə bilməyib. Həmin ölkələr məhz Azərbaycanın hazırki təcrübəsini öyrənməklə məşğuldurlar.

Vətən müharibəsinin digər əhəmiyyəti odur ki, artıq Ermənistan tərəfindən “Böyük Ermənistan”, “Qəhrəman Ermənsitan ordusu”, “məğlubedilməz erməni sərkərdələri” kimi sərsəm bəyanatları eşitmirik. Bu cümlələri əsgərimizin dəmir yumruğu Ermənistanın lüğətindən tamamilə silib. Biz öz ərazilərimizdə ermənilərin eyş-işrət məclislərini görmürük, biz orda festivallarımızı təşkil edirik, əsgərlərimiz bayraqlarımızı dalğalandırır, sərhədlərin möhkəmlənməsi üçün kifayət qədər ciddi, həm də hərbi təyinatlı layihələr həyata keçiririk. Qələbəmizin daha böyük əhəmiyyətli istiqamətlərindən biri miflər uyduran erməni ordusunu dünyada 21-ci əsrin ilk fərari ordusu statusunu daşımağa məcbur etməsidir”.

Ekspert bildirib ki, müharibədən qalib çıxdıqdan sonra qonşu ölkələrin bəziləri, xüsusilə də Rusiya və İran Azərbaycan əsgərinin birdən-birə dünyaya qalib ordu kimi doğmasını qəbul edə bilmir:

“Nədən? Çünki burda əsas problemlərdən biri bu ölkələrin hərbi elitasının düşüncə tərzidir. Ermənistanı bu illər ərzində maddi-texniki baxımdan İran, silah baxımından isə Rusiya dəstəkləyirdi. İki nəhəng dövlətin dəstəklədiyi ölkəni Azərbaycan cəmi 44 günün içərisində darmadağın etdi”.

Ekspert bildirib ki, Azərbaycanın qələbəsini gec-tez, hər kəs qəbul etməyə borcludur:

“Çünki Azərbaycan BMT səviyyəsində tanınan ərazilərini qısa müddətdə və misli görünməmiş qəhrəmanlıq, cəsarətlə işğaldan azad edib”.