Bakıda ticarət obyektləri yanır: metronun girişi bağlandı – Video

134

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın başlayıb.

Sosialmedia.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir.

Report-un məlumatına görə, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib.

Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər.

***

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar metronun “Nəriman Nərimanov” stansiyasının giriş-çıxışlarından biri bağlanıb.

Stansiyanın yanğın baş verən əraziyə çıxan girişindən sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

***

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.

Alovun yayılması təhlükəsi aradan qaldırılıb.

Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar məlumat yayıb.

Məlumatda deyilir:

“Bü gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Belə ki, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra – saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək”.