Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

239

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Noyabrın 2-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Əvvəlcə İctimai Şuranın sədri Gəray Əlibəyov görülən işlər barədə məlumat verib. Şura sədri nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətdən söz açıb.
İclasda mədəniyyət, incəsənət xadimləri iştirak edib, təkliflərini, fikirlərini səsləndiriblər.
Qanun nəşriyarının rəhbəri Şahbaz Xuduoğlu Monitorinq qrupunun yaradılması ilə bağlı təkliflərini bildirdi. Qeyd etdi ki, monitorinq qrupu yaradıldıqdan sonra insanlar arasında sorğu keçirilməlidir, onların istəkləri, fikirləri qeydə alınmalıdır. Monitorinq qrupu fəaliyyət göstərdikdə işini həmin sorğunun nəticələrinə uyğun qurmalıdır ki, ictimaiyyətin istəklərini qarşılaya bilsin.
Azərbaycan Milli Konservatoriyasının xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan Mədəniyyət Nazirliyinin qeyri-maddi mədəni irsi üzrə eksperti Cahangir Səlimxanov beynəlxalq təcrqübədən faydalanmağın müsbət təsirləri ilə bağlı fikir bildirib. Onun sözlərinə görə, xarici ölkələrdə mədəniyyət sahəsində tətbiq edilən yeniliklər Azərbaycanda da tətbiq edilməlidir. Beləliklə, mədəniyyətimizi beynəlxalq çağırışlara və tələblərə uyğun inkişaf etdirə bilərik.
Xalq artisti Vidadi Həsənov özəl teatrların festivalının keçirilməsini bir daha gündəmə gətirdi. Bu tədbirin keçirilməsinin özəl teatrların öz işlərini inkişaf etdirməsinə və fəaliyyətlərini genişləndirməsinə səbəb olacağı vurğulanıb.
Bundan başqa, xalq artisti Azad Şükürov, yazıçı-dramaturq Firuz Mustafa, folklorşünas Aynur İbrahimova, əməkdaş mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, rəssam Elxan Əliyev və yazıçı Varis monitorinq qrupunun yaradılması, rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat, teatr, kino və mədəniyyət və incəsənətin digər sahələri ilə bağlı bu qrupun fəaliyyətini necə qurması ilə bağlı tövsiyyələrini verdi.
İclasın yekununda İctimai Şuranın teatr, kino, fondlar, nəşriyyat və kitab işi, incəsənət sahəsi, beynəlxalq əməkdaşlıq, habelə muzey işi və mədəni sərvətlər üzrə işçi qrupları yaradılıb.
İclasda İctimai Şuranın üzvlərinin sahələr üzrə təhkim olunması qərar alınıb. Həmçinin iclas çərçivəsində Mədəniyyət Nazirliyinin saytında “İctimai Şura” bölməsinin yaradılmasının təqdimatı olub.
Sonra İctimai Şuraya ünvanlanan məktublar müzakirə edilib, müracitətlər nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmaq üçün mədəniyyət nazirliyinin nümayəndəsinə verilib.