Deputatdan DGK sədrinə: “Bu, dövlətin məqsədlərinə ziddir”

124

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin deputatları fırıldaqçılıq yolu ilə gömrükdən mallar keçirməkdə, hətta qaçaqmalçılıqla məşğul olmaqda ittiham etməsi hələ də ictimaiyyət tərəfindən ciddi müzakirə edilməkdədir. Məlum olduğu kimi, o, xüsusilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın dəyişdirilməsinə qarşı çıxan deputatları nəzərdə tuturdu.

Sosialmedia.az bildirir ki, Sözügedən qaydaların dəyişdirilməsini kəskin tənqid edən deputatlardan biri olan Bəhruz Məhərrəmov Axar.az-a bildirib ki, hələ də öz mövqeyində qalır və parlamentdəki çıxışının məsuliyyətini daşıyır.

Bəhruz Məhərrəmov poçt bağalamaları ilə göndərilən məhsulların limitinin 1000 dollardan 300 dollara endirilməsini kəskin tənqid etməsi barrədə bunları qeyd edib:

“Bu qərar əsassız məhrumiyyətlər yaratmaqla, dövlətin ali məqsədlərinə ziddir. Qərar ölkədə sosial narazılıq yaratdı. Dövlət başçısı bu böhran şəraitində şəxsən böyük cəsarət və humanistlik nümayiş etdirib, çox ciddi bir yükün altına girdi, heç bir sosial layihəni təxirə salmadı, üstəlik, son ilin ilk 7 ayında 3,5 milyard pul xərclədi ki, ölkədə sosial narazılıq olmasın, vətəndaşların rifahı və güzaranı pozulmasın. Ancaq indi fiziki şəxslərin sifariş etdiyi 2 dəst paltarın rüsumu üçün xalqı narazı salmağa dəyərdimi? Bir təbəqə sahibkarı digər təbəqəyə qurban vermək nə dərəcədə etik və faydalıdır?

Digər çox vacib məqam: COVİD-19-un ikinci dalğasının qorxusu ilə yaşadığımız bir dövrdə, mağazada bir paltarı 10 nəfərin soyunub-geyinməsi yaxşıdır, yoxsa hər kəsin fərdi qaydada internetlə sifariş etməsi? Başqa bir vacib məqam limitin təsbit olunduğu rəqəmin özü ilə bağlıdır. Tam səmimi olaraq soruşmaq istəyirəm, bu qərarın qəbul olunmasında iştirak edən hansı məmur 300 dollara övladını başdan ayağa geyindirir? Axı 300 dollar bir çox məmurun heç qalstukunun “zapinkası” da deyil. Təmsil etdiyim Biləsuvarda bütün rayonun taleyi gömrüklə bağlıdır, insanlar qiymət fərqinə görə ərzağından geyiminə qədər çox şeyi qonşu ölkədən alır. Tətbiq edilən limitlə, bu qadağalarla büdcəyə gələn gəlir hər hansı biləsuvarlının ehtiyaclarını qarşılaya biləcəkmi? Özüm də tam məsuliyyətimlə cavab verim ki, xeyr, edə bilməyəcək. Nəzərə alın, çox həssas dövrdür, insanların güzəşt gözlədiyi bir vaxtda həqiqətən bu radikal addımların nə zamanı, nə də yeri idi”.