TB REP QHT-lərə dəstək verən qurum nümayəndələrini təltif etdi – FOTO

149

21-22 dekabr tarixində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramının (TB REP) yekun tədbiri keçirilmişdir. Tədbiri açılış nitqi ilə açan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun direktoru Dr.Hans Kluge proqramın icrasında töhfəsi olan ölkələrə öz minnətdarlığını bildirib.

Sosialmedia.az xəbər verir ki, Proqram 2016-cı ildən regionun 11 ölkəsində – Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarusiya, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Özbəkistan, Türkmənizstan, Ermənistan həyata keçirilirdi. Layihələr Milli Vərəm proqramları və yerli qeyri-hökumət təşkilatları tərəfindən icra olunurdu. Proqramın əsas məqsədi insanların ehtiyaclarına yönəlmiş vərəm xidmətlərinin region ölkələrində təbliğ edilməsi idi.

Tədbirdə bu illər ərzində TB REP layihəsinin icrası zamanı Vətəndaş cəmiyyəti təşkilatlarına dəstək olan qurumların nümayəndələrinə xüsusi mükafatlar təqdim edilib. Azərbaycanı təmsil edən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti generalı Rəfail Mehdiyev, Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Prof.Dr.Həqiqət Qədirova, Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyası Katibliyinin Proqram meneceri Aytən Hüseynova xüsusi mükafatla təltif ediliblər.

Tədbirin ilk günü proqramın 2019-cu ildən ölkəmizdə həyata keçirilən layihəsi üzrə koordinatoru Pərvanə Vəliyeva son 3 il ərzində həyata keçirilmiş fəaliyyətlər və əldə olunmuş nailiyyətlər barədə təqdimatla çıxış edib.

Daha sonra çıxış edən Səhiyyə Komitəsinin üzvü, millət vəkili Sədaqət Vəliyeva Azərbaycanda vərəmlə mübarizə sahəsində son illərdə dövlət tərəfindən və Milli Məclis səviyyəsində görülmüş işlər, həyata keçirilmiş əhəmiyyətli görüşlər, tədbirlər barədə məlumat verdi. Çıxışlar iştirakçılar tərəfindən böyük maraqla izlənildi və Azərbaycanda görülmüş işlər təqdirəlayiq hesab olundu.

Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Milli Vərəmə Nəzarət Mərkəzinə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi, ÜST ölkə nümayəndəliyinə, vərəmlə fəal mübarizəyə cəlb olunmuş Millət vəkillərinə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə xüsusi təşəkkürlər ünvanlanıb.

Xüsusi təşəkkürnamələr alan şəxslər arasında Vərəm Əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı, Vərəmin Təsirinə Məruz Qalmış İcmanın nümayəndəsi Amal Allahverdiyev, “Vərəmsiz Gələcəyə Doğru” İctimai birliyinin sədri Çingiz Ramazanlı, “Sağlamlığa Xidmət” İctimai birliyinin layihə rəhbəri Samirə Muxtarova və layihənin Azərbaycan üzrə koordinatoru Pərvanə Vəliyeva da var.