“Məişət zorakılığı ilə mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib-FOTOLAR

243

Sosialmedia.az xəbər verir ki, Dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən “Əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi (kreativ çarx) ” layihəsi çərçivəsində “Məişət zorakılığı ilə mübarizədə Vətəndaş Cəmiyyəti Təşkilatlarının bilik və bacarıqlarının artırılması” mövzusunda media və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələri üçün təlim keçirilib.

Əvvəlcə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi ilə əməkdaşlığa və təşkilatın fəaliyyətinə verdiyi töhfəyə görə nazirlik, ictimai xadimlər və digər qurum nümayəndələri Fəxri Fərmanlar və təşəkkürnamələrlə təltif olunublar.

Layihənin məqsədi…

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri, layihə meneceri Cəsarət Hüseynzadə açılış nitqində məlumat verib ki, layihənin məqsədi əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi və məişət zorakılığına qarşı mübarizədə təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsidir.

Təşkilat sədri bildirib ki, təbliğat və maarifləndirmə işlərinin əsas aparıcı qüvvəsi QHT-nin və medianın olduğunu nəzərə alaraq, bu sahədə çalışan nümayəndələrin bir araya gələrək müzakirə aparması, təcrübələrini paylaşması olduqca mühüm önəm daşıyır. Təlim vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarını artırmaqla bu sahədə düzgün iş aparılması, eyni zamanda, təbliğat və maarifləndirmənin inkişaf etməsinə yardım ola bilər.

Cəsarət Hüseynzadə, həmçinin bildirib ki, layihə çərçivəsində əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi və məişət zorakılığına qarşı mübarizə məqsədilə təbliğat və maarifləndirmə kampaniyası çərçivəsində 4 məqalənin mətbuatda yayımlaması və 2 maarifləndirici videoçarxın hazırlanması nəzərdə tutulub.

Cəmiyyətin bütün sektorunun birgə fəaliyyəti vacibdir

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Sevinc Cəfərova çıxışında bildirib ki, təmsil etdiyi qurum həssas sosial qruplar ilə bağlı müxtəlif fəaliyyətlər icra edir və bu zaman vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq hər zaman ön planda olur.

Sevinc Cəfərova qeyd edib ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, qeyd edilən məqsədlərə çatmaq üçün müəyyənləşdirilmiş tədbirlər, onların icrasında qeyri-hökumət təşkilatlarının işinin dəstəklənməsi prioritet məsələ kimi göstərilib.

Sosial Xidmətlər Agentliyinin nümayəndəsi vurğulayıb ki, məişət zorakılığı ilə mübarizə istiqamətində və bütün digər həyata keçirilən proseslərdə cəmiyyətin bütün sektorunun birgə fəaliyyəti vacibdir.

Jurnalistlər bu mövzuda bilgili və həssas olmalıdırlar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi, Məişət zorakılığının qarşısnın alınması üzrə sektorun məsul əməkdaşı Tural Hüseynzadə “Məişət zorakılığı ilə mübarizədə QHT-nin bilik və bacarıqlarının artırılması” mövzusunda təqdimatla çıxış edərək məişət zorakılığının aradan qaldırılması və zorakılığın formaları haqqında danışıb, mövzu ilə bağlı statistik nəticələri təlim iştirakçıları ilə bölüşüb.

T.Hüseynzadə məişət zorakılığı mövzusunun işıqlandırılması zamanı media nümayəndələrinin nəzərə almalı olduğu etik standartlar haqqında da bəhs edib: “Media nümyəndələri bu mövzudan yazarkən həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırılmalıdır. Bununla yanaşı, jurnalistlər bu mövzuda kifayət qədər bilgili və həssas olmalıdır.”

Məişət zorakılığı qurbanlarına dəstəyin artırılması mexanizmləri təkmilləşdirilməlidir

Daha sonra isə hüquqşünas-ekspert Fariz Əkbərov “Məişət zorakılığının aradan qaldırılması, zorakılıq qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi” mövzusunda çıxış edib. Məişət zorakılığı qurbanlarının hüquqi mudafiəsi və onlara dəstəyin artırılması mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Gender əsaslı zorakılıq üzrə monitorinq qruplarının hüquqi statusunun gücləndirilməsi, məişət zorakılığının kriminallaşdırılması ilə bağlı hüquqi mühitin formalaşdırılmasının, məişət zorakılığı qurbanları üçün hüquqi və psixoloji yardım mexanizminin yaradılmasının və məişət zorakılığı törədən şəxslər üçün reabilitasiya proqramının yaradılmasının önəmindən bəhs olunub.

Təlim maraqlı müzakirələrlə davam edib. Tədbirin sonunda təlimdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrinə sertifikatlar təqdim edilib.