Prezident haqlıdır, Qazaxıstana hibrid müharibə elan edilib

134

Sosialmedia.az bildirir ki, Amerikalı siyasi analitik Endryu Korıbkonun Qazaxıstanda baş verən son hadisələr və iğtişaşlarla bağlı Axar.az-a müsahibəsi:

– Sizcə, iğtişaşlar niyə məhz bu vaxt keçirilir? Üzdə görünənlərdən başqa nələri bilmirik?

– Bu hadisələrlə bağlı “qığılcım” hökumətin yanacaq subsidiyalarını ləğv etməsi idi, lakin indi məlum olur ki, təxribatçı niyyətli cinayətkar və terrorçu ünsürlər bu addımın etirazları qızışdıra biləcəyini proqnozlaşdıraraq, iğtişaşları həyata keçirmək üçün çoxdan plan qurubmuşlar. Hökumətin etirazçıların qiymətlərə nəzarəti bərpa etmək tələblərini tam yerinə yetirməsinə baxmayaraq, apolitik etirazların birdən-birə anti-dövlət iğtişaşlarına çevrilməsi bunu sübut edir. Hökumət hadisələrdən sonra istefa verdi, lakin bu da əsas təşkilatçıların rejim dəyişikliyi kampaniyasını irəli sürməsinə mane olmadı, çünki hakimiyyətin tam ələ keçirilməsindən başqa heç nə onları qane etməyəcək.

Bəzi müşahidəçilər klanla əlaqəli gərginliyin son hadisələrə təkan verib-vermədiyi barədə də fikirlər səsləndirirlər. Bu, mümkün olsa da, baş verənləri tam izah etmir. Prezident Tokayev cinayəti törədənləri terrorçu adlandırıb, onların xaricdə təlim keçdiyini iddia edib və çərşənbə günü axşam saatlarında KTMT-dən kömək istəyərkən onların Qazaxıstanın ərazi bütövlüyünü təhdid etdiklərini bildirib. Bu, məsələnin sırf daxili bir məsələ olmadığını və ölkənin xaricdən bir-biri ilə əlaqəli qüvvələrin “hibrid müharibə” hücumu altında olduğunu göstərir. Təfərrüat hələ dəqiqləşdirilməyib, lakin bu qüvvələrin qısa müddət ərzində misli görünməmiş dağıntılar törətdiyini nəzərə alsaq, Prezidentin iddiaları inandırıcı səslənir.

– Qazaxıstanda hadisələrin bu cür infkişafında Rusiyanın rolu nədən ibarətdir?

– Rusiya KTMT və Avrasiya İqtisadi İttifaqı vasitəsilə Qazaxıstanın müttəfiqidir. Hər iki ölkə həm də ŞƏT-in üzvüdür. Moskva xarici qüvvələri sakitliyə çağırıb və onları qonşusunun işlərinə qarışmaqdan çəkindirib. Kreml öz sərhədlərində istənilən formada qeyri-sabitliyin əleyhinədir. Qazaxıstanda baş verənlər bu iki ölkə arasında vizasız səyahət rejiminə görə Rusiyanı xüsusilə narahat edir. Rəsmilər ötən il xəbərdarlıq etmişdilər ki, terrorçular Əfqanıstandan qaçan qaçqınlar adı altında Mərkəzi Asiya respublikaları vasitəsilə Rusiyaya sıza bilərlər. Ola bilsin ki, hazırda Qazaxıstana hücum edən terrorçular tez bir zamanda zərərsizləşdirilməsələr, buna bənzər bir şey edə bilərlər.

– Belə bir vəziyyətdə Nazarbayevin geri çəkilməsi düzgün qərar idimi?

– Hökumətin istefası və qiymətlərə nəzarətin bərpası barədə qərarı keçmiş Prezident Nazarbayev deyil, hazırkı Prezident Tokayev verib. Hökumət əleyhinə olan elementlər və bəzi xarici media keçmiş liderin hər şeyi gizli şəkildə pərdə arxasında idarə etdiyi ilə bağlı spekulyasiyalar edirlər, lakin Prezident Tokayev çərşənbə günü öz sələfini Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad etdi və bu addımın özü bu spekulyasiyaların həqiqi olmadığını sübut edir.

– Bəs ABŞ və Qərbin Qazaxıstan hadisələrindən qazanacağı və itirəcəyi nələr var?

– ABŞ-ın hərəkətverici qüvvə kimi çıxış etdiyi Qərb bütün Qazaxıstanda geniş QHT təsir şəbəkələrinə malikdir, lakin onların son hadisələrlə nə dərəcədə əlaqəli ola biləcəyi bəlli deyil. Qazaxıstan əslində Amerikanın yaxın tərəfdaşıdır, ona görə də ABŞ bu ölkədə sabitliyi pozmaqda maraqlı deyil. Qazaxstan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının bir hissəsidir, ABŞ-ın bioloji laboratoriyalarına ev sahibliyi edir və Amerikanın “Mərkəzi Asiya – 2019-2025-ci illər üçün Strategiya”sının mərkəzində yer alır. Vaşinqton həmçinin “iqtisadi diplomatiya”ya əsaslanan regional əməkdaşlığın bir hissəsi kimi Nur-Sultanla da ticarət əlaqələrini genişləndirməyə ümid edir. Bununla belə, bəzi Qərb qüvvələrinin hadisələrdə dolayı da olsa, rol oynaya biləcəyi ortaya çıxa bilər. Məsələn, ABŞ-ın daimi hərbi, kəşfiyyat və diplomatik bürokratlarının (“dərin dövlətin”) antirusiya fraksiyası Avropada ABŞ-ın raket deeskalasiyası ilə bağlı Rusiya ilə qarşıdan gələn danışıqlarını sabotaj etmək istəyir. Mümkündür ki, onlar Qazaxıstandakı geniş təsir şəbəkələrini islahat əleyhinə etirazları təşviq etmək üçün istifadə ediblər və hətta onların dövlət əleyhinə iğtişaşlara çevrilməsini üstüörtülü şəkildə dəstəkləyəcəklərinə və ya ən azı pisləməyəcəklərinə eyham vurublar. Bu, hələlik yalnız fərziyyədir, lakin bu ssenari onların qarşıdan gələn danışıqlara xələl gətirmək cəhdlərini inkişaf etdirməyə xidmət edə bilər, baxmayaraq ki, bu, həqiqətən də baş verərsə, uğur qazanma ehtimalı olduqca aşağıdır.

– Bildiyimiz kimi, aksiyaçılar bir neçə tələb irəli sürüb. Sizcə, bu tələblər hansısa üçüncü və kənar qüvvələr tərəfindən tərtib olunub?

– Bu məsələni tam əminliklə qiymətləndirmək çətindir, lakin ən azı bəzi tələblər Qərbin diqqətini çəkməyə hesablanmış kimi görünür. Bu tələblər hadisələrin son nəticəsi olaraq “qaranlıq qüvvələri” hakimiyyətə gətirmək üçün Qazaxıstana qarşı davam edən şəhər terrorizminə siyasi dəstək almaq məqsədi daşıyır. Hələlik bu iğtişaşın arxasında kimin və niyə dayandığı bəlli deyil, amma böyük ehtimalla burada hansısa xarici tərəf iştirak edir. Cinayətləri törədən iğtişaşçıların terrorçuluq təlimlərini Qazaxıstanın daxilində, əvvəllər xaricə ayağı dəyməmiş, terrorçu qruplar və ya terrorçuları dəstəkləyən hökumətlərlə hər hansı xarici əlaqəsi olmayan yerli qazaxlardan almaları ağlabatan görünmür. Şəhərlərə o qədər böyük ziyan vurulub ki, iğtişaşların sadəcə daxildən idarə olunmasına inanmaq olmur.