Paşinyan hələ nələrəsə ümid edir – Fərhad Məmmədov

179

Paşinyanın çıxışında bəyan etdiyi məqamları rəsmi İrəvan şərtlərdən daha çox, prosesin səmərəliliyinin artırılması üçün həll edilməli məsələlər kimi təqdim edir. Azərbaycanın məsələyə baxışı isə ondan ibarətdir ki, hazırkı şəraitdə proses başlamalıdır. Burada vacib məsələ hər şeydən öncə görüləcək işlərin hansı metodoloji baza üzərində qurulması ilə bağlı ortaq sənədin qəbuludur.

Sosialmedia.az bildirir ki, Bu sözləri politoloq Fərhad Məmmədov Nikol Paşinyanın onlayn formatda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri Axar.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, bəhs edilən sənəddə bütün məsələlər detallı şəkildə öz əksini tapmalıdır:

“Sənəddə keçmişdə qəbul edilmiş hansı razılaşmalara istinad ediləcəyi və sərhəd xətlərinin təyini zamanı istifadə olunacaq xəritələr razılaşdırılmalıdır. Bununla həm rəsmi İrəvan, həm də erməni cəmiyyəti ərazi bütövlüyümüzü tanımış olacaq”.

Politoloq hələ də Paşinyanın beynəlxalq şərtlərin onun istədiyi kimi dəyişəcəyinə ümid etdiyini, lakin bunun əbəs olduğunu vurğulayıb:

“Paşinyan Azərbaycanın onun irəli sürdüyü şərtlərlə razılaşmayacağını çox yaxşı bilir. Burada diqqət çəkən məqam beynəlxalq güclərin də mövqeyidir. Məsələn, dəmir yolu məsələsində son nəticədə bütün maraqlı tərəflərin mövqeyi üst-üstə düşdüyü üçün artıq rəsmi İrəvan bununla bağlı kiçik bir heyət də formalaşdırıb və büdcə ayırmağa qərar verib. Lakin beynəlxalq güclərin mənfəət güddüyü, maraqlarının toqquşduğu məsələlərdə Ermənistan da nələrəsə ümid edir. Ancaq bu əbəsdir. Çünki müharibədə qazandığı zəfər ilə bölgədə yeni reallıq yaradan Azərbaycan təşəbbüsü öz əlində saxlayır”.