Rəfail Becanov: “Ermənistan 2020-ci ilin noyabrındakı hərbi-siyasi böhranla üz-üzə qalacaq”

308

“Ermənistanda müharibə qaydaları kimi məğlubiyyətin də fəlsəfəsini anlamaq istəmirlər. Bütün müharibələrdən sonra geosiyasi və ictimai dəyişikliklərin baş verməsi təbii prosesdir”.

Sosialmedia.az xəbər verir ki, bu sözləri “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri Rəfail Becanov deyib.

O bildirib ki, Qarabağ müharibəsində Ermənistan məğlub, Azərbaycan qalib tərəfdir:

“Ona görə də Ermənistan məğlub olduğunu anlamağa və ona irəli sürülən şərtlərə boyun əyməyə borcludur. Bu, təkcə 10 noyabr Bəyanatı və müxtəlif görüşlərdə əldə olunan razılaşmalarla deyil, həm də müharibədəki məğlubiyyətlə şərtləndirilir. Acı məğlubiyyətdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında “Bakı Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı təkliflərinə mənfi reaksiya verib” deməsi, Azərbaycanla sərhədin delimitasiyası prosesində maraqlı olduqlarını və onlara müxtəlif təkliflərin də daxil olduğunu, lakin həmin təkliflərin Ermənistan üçün keçərli olmadığını deməsi gülməlidir.

Görünür ki, Ermənistan rəhbərliyi hələ də məğlubiyyətdən nəticə çıxarmayıb. Nəticə çıxarsaydılar, müharibədəki məğlubiyyətin qaydalarına görə, məğlub yox, qalib tərəfin şərt diqtə etməsini anlayardılar. Onu da bilərdilər ki, məğlub tərəf müqavimət göstərdikcə, şərtlər daha da ağırlaşır”.

Rəfail Becanov qeyd edib ki, Qarabağ müharibəsinin nəticələrinə görə, Ermənistan məğlub tərəfdir:

“Onun hər hansı təklifi Azərbaycan üçün keçərli deyil və ola da bilməz. Təklif verən də, şərt irəli sürən də müharibənin qalibi olduğuna görə Azərbaycandır. Ermənistanın isə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Prosesin uzanması Ermənistanın əleyhinə işləyir. Sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsi gecikdikcə, kommunikasiyaların tam açılmaması sosial-iqtisadi böhranı dərinləşdirəcək və Ermənistan yenidən 2020-ci ilin noyabrındakı hərbi-siayasi böhranla üz-üzə qalacaq”.