“Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır” – Deputat

1190

“Ukraynada hətta mülki insanların yaşadığı ərazilər də bombardman edilir. Heç cür buna haqq qazandırmaq mümkün deyil”.

Bu sözləri Sosialmedia.az – a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, hər iki tərəf özünün haqlı olduğu ilə bağlı kifayət qədər arqumentlər ortaya qoyub: “Hər iki tərəf özünün haqlı olduğu ilə bağlı kifayət qədər arqumentlər ortaya qoyub. Lakin görünən odur ki, hazırda Ukrayna Rusiyanın hücumuna məruz qalıb. Ukrayna ərazisində müharibə gedir. Təkcə Rusiyanın təhlükəsizlik kəməri kimi Luqansk və Donetskin müstəqilliyinin tanınması və onların təhlükəsizliyinin təmin olunması deyil, Kiyevə qədər hücum əməliyyatları gedir. Rusiya nüvə silahı istisna olmaqla bütün arsenalındakı imkanlardan istifadə edir.

Ukraynada hətta mülki insanların yaşadığı ərazilər də bombardman edilir. Bu, əlbəttə, qəbul edilən deyil. Heç cür buna haqq qazandırmaq mümkün deyil. İstənilən arqument bu təcavüzün qarşısında acizdir. Ukrayna da bu gün müstəqil dövlət kimi öz varlığını qoruyub saxlamaq üçün mübarizə aparır. Onun apardığı müharibə müdafiə müharibəsidir. Öz ərazisini, suverenliyini, dövlət müstəqilliyini qoruyub saxlamaq üçün xalqın aparmış olduğu ədalətli müharibədir. Təbii ki, Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır. Ona humanitar yardım və aksiyanın keçirilməsində fəal iştirak edir. Eyni zamanda dövlətimiz də bununla bağlı özünün ənənəvi humanist siyasətinə sadiq qalaraq Ukraynaya humanitar yardım etmək üçün addımlar atıb”.

Deputatın sözlərinə görə, indiki vəziyyətdə heç bir tərəf geri çəkilmək istəmir: “ABŞ, Avropa Ukraynayla bərabərdir. Rusiyanın birbaşa hərbi təcavüzünün yanında Belarus da yer alır. Bu da fakt kimi özünü sübut edir. Başqa bir tərəfdən isə Çin artıq Rusiyanın yanında yer almaqdadır. Ona bu və ya digər şəkildə Rusiyanı iqtisadi çətinlikdən çıxarmaq üçün təzyiqlərini ortaya qoyub. Bəzi ölkələr də Rusiyaya qarşı özünün simpatiyasını göstərməkdədir. Ən azı Ukraynanın yanında deyil, onların dilindən sülhə çağırışı eşitmirik. İndi xoşagəlməz vəziyyət inkişaf etməkdədir. Dəqiq proqnoz vermək çətindir. Rusiyanın da, Ukraynanın da arqumentlərinə görə, geri çəkilmək şansları görünmür”.