EHİM ictimaiyyətə geniş hesabat təqdim edib

296

EHİM ictimaiyyətə geniş hesabat təqdim edib

16 mart tarixində Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) media və ictimaiyyət nümayəndələri ilə görülmüş işlərə dair hesabat xarakterli görüş keçirib.

Qurumun fəaliyyətinin 4 illiyi münasibətilə təşkil olunan görüşdə EHİM-in direktoru Fariz Cəfərov həyata keçirilən layihələr, istiqamətlər haqqında geniş təqdimat edib. EHİM-in strateji hədəfləri, vizyonu və keçdiyi yoldan danışan F.Cəfərov xüsusilə ötən il həyata keçirilmiş layihələr, mövcud layihələr üzrə inkişaf dinamikası və statistikaları açıqlayıb.

2021-ci ildə “ASAN Login” Vahid Giriş Sistemində videoqeydiyyat və videoyazı vasitəsilə yeni mobil nömrənin əlavə olunması, habelə digər funksionallıqlar və xidmətlər yaradılıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “ASAN Login”də istifadəçi sayı 32% artıb. Ən son statistik göstəricilərə əsasən “ASAN Login”də təqribən 2,4 milyon istifadəçi var. Hazırda “ASAN Login”ə 40 qurum və 79 sistem inteqrasiya olunub.

2021-ci ilin fevral ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”un mobil tətbiqi istifadəyə verilib.

Habelə platformaya COVID-19 əks göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub, doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların istifadəsinə verilib. Bununla yanaşı “myGov” mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında əhəmiyyətli artım qeydə alınıb. 2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da istifadəçi sayı 81% artıb. Ən son statistik göstəricilərə əsasən “myGov”da 874 mindən çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və 21 növ bildiriş əldə edir. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Elektron Hökumət Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam etdirilib. 37 qurum tərəfindən 438 xidmətin göstərildiyi portalda istifadəçi sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7% artıb. Ən son statistik göstəricilərə əsasən portalda istifadəçi sayı 1,367 milyon nəfər təşkil edir.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı EHİM tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib. Ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib. Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə 2021-ci ilin sentyabr ayının 1-dən istifadəyə verilmiş “CheckApp” mobil tətbiqi üzərindən COVID-19 pasportları təqribən 10,3 milyon dəfə yoxlanılıb.

2021-ci ilin aprel ayında EHİM “ASAN Bridge” – Milli Məlumat Mübadiləsi Sistemini istifadəyə verilib. “ASAN Bridge” Elektron Hökumət İnformasiya Sisteminin (EHİS-in) inteqrasiya altsistemi olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən həmin ehtiyatlar və sistemlər arasında dayanıqlı və təhlükəsiz məlumat mübadiləsini təmin edir. “ASAN Bridge” üzərindən məlumatlar qarşı tərəfə şifrələnərək ötürülür ki, bu da məlumatların təhlükəsizliyini təmin edir. 2021-ci ildə toplam olaraq sistemdən istifadə sayı 59,5 milyon təşkil edib. Ən son statistik göstəricilərə əsasən “ASAN Bridge”ə 71 informasiya sistemi qoşulub, ümumi istifadə sayı 102 milyondan çox təşkil edib.

2021-ci ildə EHİM “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalını istifadəyə verib. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Portal vətəndaşlara icra hakimiyyətlərində görüş üçün onlayn qaydada müraciət etmək, təmir-abadlıq və digər önəmli hesab edilən məsələləri aktuallaşdırmaq, icra hakimiyyətləri tərəfindən təqdim edilən bir sıra xidmətləri elektron qaydada əldə etmək imkanı yaradır. Portala, Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün icra hakimiyyətləri – 77 yerli icra hakimiyyəti orqanları inteqrasiya olunub.

Vətəndaşların rəqəmsal hökumət xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə 2, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində “Rəqəmsal hökumət pəncərə”ləri yaradılıb. 2021-ci ildə xidmətdən istifadə üçün 16 minə yaxın müraciət qeydə alınıb.

Habelə “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (e-Agro), Dövlət Xidmətlərinin Elektron Reyestri və digər layihələr üzrə müvafiq optimallaşdırma və təkmilləşdirmə işləri davam etdirilib.

2021-ci ilin 26-28 aprel tarixundə Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfrans keçirilib. 3 gün davam edən beynəlxalq konfransa 22 ölkədən 58 spiker, 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub. Beynəlxalq konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda rəqəmsal idarəetmədə süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi və dayanıqlılığının təmin olunması, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılması və təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsidir. Konfrans çərçivəsində təşkil olunan data müsabiqəsində 185 komanda qeydiyyatdan keçərək, iştirak edib. Yarışmanın qalibləri pul mükafatları, sertifikatlar və hədiyyələrlə təltif olunublar.

2021-ci ilin iyul ayında EHİM tərəfindən “Rəqəmsal Jurnalistikaya doğru” proqramının üçüncü dalğası həyata keçirilib. Proqram çərçivəsində 20-dən çox jurnalist ölkədə həyata keçirilən rəqəmsallaşma, bu istiqamətdə icra edilən layihələr, rəqəmsal hökumət xidmətləri haqqında ətraflı məlumat əldə edib. Layihənin ikinci hissəsində həyata keçirilən müsabiqədə jurnalistlər tərəfindən araşdırmalar hazırlanaraq, kütləvi informasiya vasitələrində yayımlanıb.
Ümumilikdə 2020-2021-ci illərdə icra edilən proqramın üç dalğasında 100-dən çox jurnalist iştirak edib.

2019-cu ilin oktyabr ayından start götürən və hər həftənin cümə axşamı, saat 19:05-də və cümə günü, saat 14:05 “ASAN” Radio 100 FM dalğasında efirə gedən “Rəqəmsal Azərbaycan” radio verilişi öz fəaliyyətini 2021-ci ildə də davam etdirib. Ümumilikdə, verilişin 113 buraxılışı efirə gedib.

Bununla yanaşı, vətəndaşların yeni yaradılan xidmətlər haqqında KİV-lər və sosial media vasitəsilə məlumatlandırılması davam etdirilib. Vətəndaşların istifadəyə verilən yeni xidmətlər haqqında məlumatlılığını artırmaq məqsədilə təlimat videoları hazırlanaraq müvafiq platformalarda yayımlanıb, rəqəmsal savadlılıq üzrə təlimlər və sorğular təşkil edilib.

EHİM daim vətəndaş müraciətlərini araşdıraraq, sorğular keçirərək faəliyyətinin təkmilləşdirilməsi və yeni xidmətlərin yaradılması, xidmət dizaynlarının inkişafı istiqamətində işlər görür.