Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Göytəpə qədim yaşayış məskəninə ekskursiya edilib

536

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar Tovuzda yerləşən Göytəpə qədim yaşayış məskəninə ekskursiya edilib. Ekskursiyada Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, həmçinin Tovuz Peşə Liseyinin müəllim və şagirdləri iştirak edib. İdarə rəisi çıxışında Göytəpə yaşayış yerinin tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, ərazinin 8 min illik şəhər mədəniyyəti tarixi var. Həmçinin, çıxış edən Tovuz Peşə Liseyinin direktor müavini Sərxan Musayev gənclərin bölgə tarixini öyrənməsinin zəruriliyindən danışıb, bu kimi tədbirlərin vacibliyini vurğulayıb.

Xəyal Nağıyev

Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi