Fəzail Ağamalı: “Heydər Əliyevin milli dövlət quruculuğunda misilsiz xidmətləri var”

298

“Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, milli dövlət quruculuğu və ölkəmizin inkişafında misilsiz xidmətləri var”.

Sosialmedia.az bildirir ki, Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı deyib ki, məhz o vaxtkı SSRİ prezidenti Mixail Qorbaçovun və erməni mafiyasının planı əsasında 1987-ci ildə Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Azərbaycana qarşı kampaniya başlanıb: “Beləliklə, 20 Yanvar, Sumqayıt hadisələri və Xocalı soyqırımı törədilib. Bu, dünya erməniliyinin son 200 ildə tərtib etdiyi “Böyük Ermənistan” ideyasının addım-addım reallaşdırılması idi. Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması bu planın həyata keçirilməsinə yol açdı. 1990-cı ilin əvvəllərində Azərbaycanda o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində separatçılıq, özbaşınalıq, anarxiya və xaos başladı. Torpaqlarımız işğal edildi, Azərbaycan daxili qarşıdurmalar arenasına çevrildi”.

Deputat qeyd edib ki, bütün bunlara baxmayaraq, dünya erməniliyi yanıldı, öz məqsədlərinə çata bilmədi: “Bunun əsas səbəbi Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması və Azərbaycan dövlətini dağılmaqdan xilas etməsi oldu. Azərbaycanın bütün faciə və təlatümlərdən üzüağ çıxması, dövlətçiliyimizin qorunub saxlanması və inkişafının əsas səbəbi tarixin həlledici məqamında ölkədə Heydər Əliyev kimi siyasi liderin olması, Azərbaycan xalqının ona dərin inamı, böyük etimadının olması və arxasınca getməsi oldu. Heydər Əliyev müharibəni dayandırdı. Milli dövlət quruculuğu, ölkədə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması, institusional islahatların həyata keçirilməsi və müasir cəmiyyət quruculuğu, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, Azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik təmin edildi. “Əsrin kontraktı” imzalandı, dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edildi. Ölkəyə investisiya axını başladı, nəhəng enerji layihələri icra olundu, gələcək inkişaf üçün lazımi resurslar əldə edildi. 1993-2003-cü illər Azərbaycanda milli dövlətçiliyin qorunub saxlanması və davamlı müasir inkişafının başlandığı mühüm mərhələ oldu”.

Fəzail Ağamalı Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olduğunu vurğulayıb: “2003-cü ildən başlayaraq Ulu öndərin yaratdığı təməl üzərində Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi, mədəni və digər sahələrdə inkişafı təmin edildi. Mühüm enerji layihələri reallaşdırıldı, regionların sosial-iqtisadi inkişafı, sosial-iqtisadi infrastrukturun yenidən qurulması təmin edildi. Azərbaycan regionun nəqliyyat-kommunikasiya xabına çevrildi, uğurlu ordu quruculuğu həyata keçirildi. Milli maraqlara əsaslanan müstəqil siyasət yürüdən Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da gücləndi. Ümumilikdə, Azərbaycanın inkişaf strategiyası uğurla reallaşdırıldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi, inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu”.