Dərsi dini musiqi ilə başladı – Macar müəllim Bakıda

98

Sanskrit mənşəcə “lətif danışıq” (cilalanmış, düzənlənmiş) mənasını verir. Hind-Avropa dil ailəsinin, Ari dilləri qrupunun Hind qoluna mənsub qədim dildir. Bu dil Azərbaycan Dillər Universitetində də universitetin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə macarıstanlı professor Anna Piko tərəfindən tədris olunur. Mən də onun dərsində iştirak etmək imkanı tapdım. Anna xanım dərsi ingilis dilində tədris edir. Bunun bir çox müsbət tərəfləri var.

Fasilə bitdi, dərs başladı. Dərsi maraqlı dini musiqi ilə başladılar. Əvvəl anlamasam da, sonra bu musiqinin nə məqsədlə səsləndirildiyini öyrənməyə çalışdım. Anna xanım deyir ki, musiqi Mantra adlanır və fikrin cəmlənməsi, beynin rahatlaması üçündür. Beləcə, dərsə enerjili başladıq. Sinif otağında üçüncü kurs tələbələridir. Onlar filologiya – ingilis dili və ədəbiyyatı ixtisasında təhsil alırlar. Dini musiqidən sonra diskussiya başladı. “Sanskrit nədir, onu öyrənməyin müasir filologiya üçün əhəmiyyəti nədir?” – suallarına tələbələr cavab tapdı. Amma əlbəttə, mənim sanskritlə bağlı cavabını axtardığım suallar da var idi. Anna xanım onlara aydınlıq gətirdi.

– Anna xanım, Azərbaycan Dillər Universitetində sanskrit dili nə vaxtdan tədris olunur?

– Sanskrit dilinin tədrisi bu semestrdə, 16 fevral 2022-ci il tarixindən etibarən başladı. Hazırkı iki sinif sanskrit dilini ilk öyrənən siniflərdir.

– Universitetimizin kollektivi tərəfindən necə qarşılandınız?

– Mən macar mühazirəçisi, Macarıstan dövlətinin nümayəndəsi kimi gəlmişəm və 2021-ci ilin sentyabr ayından iki sinfə macar dili dərsi deyirəm. Universitet rəhbərliyi sanskrit dilini öyrətmək qərarına gələndə kollektiv çox dəstək oldu.

– Bu dilin tədrisində əsas məqsəd nədir?

– Məncə, bunun bir neçə səbəbi var. Birincisi odur ki, dünyada bir çox qədim, mühüm dillər var ki, bu gün canlı dillər kimi istifadə olunmur, lakin qədim mədəniyyətləri başa düşmək üçün onları bilmək vacibdir. Digəri isə odur ki, Azərbaycanda hələ də bu sahə üzrə mütəxəssis hazırlığı aparılmayıb, baxmayaraq ki, sanskrit dili ilə qədim fars, Azərbaycan dillərinin əlaqəsi çox maraqlı və araşdırılmamış bir sahədir. Bu, nəinki Azərbaycan dilinin keçmişini və inkişafını daha yaxşı başa düşməyə kömək edəcək, həm də tarix, ədəbiyyat, adət-ənənələr kimi bir çox başqa sahələrdə də böyük kömək olacaq.

– Bildiyimiz kimi, filoloqların və tədqiqatçıların xüsusilə öyrəndikləri bəzi dillər var. Necə düşünürsünüz, sanskrit bu dil ailəsinə aiddir?

– Bəzi qədim dillər var ki, onları bilmədən ən mühüm qədim mədəniyyətlərdən bəzilərini öyrənmək mümkün deyil. Sanskritdən əlavə, latın, yunan, ivrit, Misir, türk, fars, Çin, akkad və s. dillər var. Düşünürəm ki, onlardan yalnız bir neçəsini vurğulasaq belə, sanskrit mütləq bu vacib dillərdən biridir.

– Bu dili öyrənmək nə qədər çətindir?

– Böyük sanskrit dilçisi Patanjali tərəfindən Yoqasutra tədrisində öyrədildiyi kimi: “Və bu təcrübə uzun müddət, fasiləsiz və sədaqətlə becərildikdə, möhkəm zəmin əldə edir”.

İstənilən dili öyrənmək üçün vaxt, çalışqanlıq və səbr tələb edilir. Düzgün motivasiya, qətiyyət və məqsədlə bu, böyük problem olmayacaq. Təbii ki, hər kəs bunun çətin olduğunu düşünə bilər, çünki bu, yalnız yeni yazı sistemini öyrənməklə bağlıdır, lakin yazı dilini təşkil edən məhdud sayda hərflər və hərf birləşmələri olduğundan, ilk baxışda çətin görünə bilər, lakin belə deyil.

– Sizcə, sanskrit dili kimlər üçün vacibdir?

– Sanskrit dilini öyrənmək bir çox cəhətdən maraqlı və vacib ola bilər. Bu, qədim mədəniyyəti və biliyi daha yaxşı başa düşməyə kömək edir. Məsələn, ədəbiyyat, fəlsəfə, riyaziyyat, astronomiya, mühəndislik, yoqa, ayurveda, qrammatika və s. Birbaşa nəticələrə əlavə olaraq, dolayı olanlar da vacibdir. Məsələn, beyin funksiyalarını və idrak qabiliyyətlərini asanlaşdırır, mücərrəd təfəkkürün və dəqiq ifadənin inkişafına kömək edir. Alimlər sanskritin kompüter proqramlaşdırması və süni intellekt üçün mükəmməl bir dil olduğunu, yəni həm proqramlaşdırma, həm də təfəkkürün formalaşdırılması dili olduğunu sübut ediblər. Sanskrit çox məntiqli bir dildir və demək olar ki, başqa dillərdə olan hər şeyi onda tapmaq olar. Bu, digər dilləri tez və səmərəli öyrənməyə kömək edir.

– Bu dilin başqa dillərlə əlaqəsi varmı?

– Bəli, sanskrit Hind-Avropa dillər ailəsinə aiddir. Bu, indi Proto-Hind-Avropa dili olaraq adlandırılan ümumi kök dilindən yaranan ən qədim sənədləşdirilmiş dillərdən biridir.

Qeyd edim ki, dünyanın ən qədim dillərindən olan sanskritin əlifbasında 49 hərf var. Sanskrit dili nə qədər çətin olsa da, bir o qədər maraqlıdır. Sanskrit bir dil yox, bir mədəniyyətin əsasıdır.

Firuzə Məlikzadə

ADU-nun Beynəlxalq jurnalistika ixtisasının tələbəsi