Vüsal Quliyev: Əməkdaşlıq sistemli həyata keçiriləcək

309

Ölkəmiz Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Vətəndaş cəmiyyəti sahəsində də müxtəlif təşəbbüslərlə çıxış edirik. Lakin bu ilin əvvəlində dövlət dəstəyi agentliyi belə bir təşəbbüslə çıxış etdi ki, bizim vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlıq forumu və bunun nəticəsi olaraq platforma yaransın.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev jurnalistlərə müsahibəsində deyib.

“Ümid edirəm ki, bugünkü forumun nəticəsində Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq. Çünki əvvəlki illərdə bizim qeyri-hökumət təşkilatlarının müxtəlif ortaq layihələri, tədbirləri həyata keçirilib. Lakin bu, o qədər də sistemli, proqram üzrə olmurdu. Platformanın yaranması bu əməkdaşlığın çərçivələrini müəyyən edəcək. Bu əməkdaşlıq sistemli həyata keçiriləcək. Eyni zamanda, bu prosesdə dövlət qurumu olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də yaxından iştirak edəcək. Türkiyə tərəfdən də Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Qurumları ilə İş İdarəsi də bu məsələdə dəstək verəcək. Ardıcıl olaraq hər il bu əməkdaşlıq forumunun keçirilməsi və qurulacaq platforma çərçivəsində əhəmiyyətli tədbirlərin təşkili nəzərdə tutulub”, – deyə Vüsal Quliyev qeyd edib.

Azərbaycanın qeyri-hökumət təşkilatlarının son 20 ildə Türkiyənin qeyri-hökumət təşkilatları ilə müxtəlif sahələrdə əməkdaşlıq etdiklərini vurğulayan V.Quliyev deyib: “Bu əməkdaşlığın prioriteti Qarabağ münaqişəsi olub. İşğal dövründə Türkiyənin qeyri-hökumət təşkilatları və mediası Azərbaycana nə qədər dəstək vermişdisə, 44 günlük Vətən müharibəsində də eyni dəstəyi nümayiş etdirdilər. Beynəlxalq təşkilatlarla bizim qeyri-hökumət təşkilatlarının münasibətləri və əməkdaşlığı çox yüksək səviyyədə deyil. Lakin bu məsələdə Türkiyənin vətəndaş cəmiyyəti qurumlarının da imkanlarından istifadə edəcəyik və onlarla bu istiqamətdə də birlikdə səy göstərəcəyik. Ümumiyyətlə, hər il qeyri-hökumət təşkilatlarının, eyni zamanda, onlarla işləyən dövlət qurumlarının QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təşəbbüsləri olur. Bu il də biz Milli Məclisə müxtəlif QHT-lərlə əlaqədar qanunvericiliklə bağlı təkliflər irəli sürmüşük. QHT-lərin qeydiyyatı məsələlərinin sadələşdirilməsi, onların maliyyə əldə etməsi, regionlarda fəaliyyəti, dövlət-QHT münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində təklifləri gözlənilir”.