Administrasiya rəsmisi: Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb

507

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir.
Növbəti konfrans Şamaxı rayonunda keçirilib.

Sosialmedia.az xəbər verir ki, konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyini vurğuladı. Qeyd etdi ki, bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər.

V.Quliyev əlavə etdi ki, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Danılmaz faktdır ki, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz mövcudluqları ilə ölkədə üçüncü sektorun təkmilləşməsinə öz töhfəsini verirlər. QHT-lər eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Bu gün zona konfranslarının keçirilməsinin əsas məqsədi də QHT-lər və icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların birgə əməkdaşlığının təmin edilməsi və fəaliyyət istiqamətlərinin daha da genişlənməsidir. Həm QHT-lər, həm də ictimai şuralar vətəndaşlarla sıx əlaqədə olmalıdırlar.