Nazirliklə davalı olan Fəzail Ağamalı qazilərin etirazından danışdı: “Dediklərim bir-bir…”

547

Xəbər verdiyimiz kimi, ötən gün bir qrup qazi əlilliyin təyinatı, sosial problemləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Nazirliyinin inzibati binasının qarşısında toplaşan qazilər problemlərinin dinlənilməsi üçün üzlərinə bağlı olan nazirlik qapısını da sındırmaqdan çəkinməyiblər. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov ictimaiyyətə açıqlamasında bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, kimlərə əlillik düşürsə, onlar da bu hüququ qazanırlar. Həmçinin, bildirilib ki, dövlət əmlakına ciddi ziyan dəyib, kompüter avadanlıqları qırılıb. Məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara müraciət olunub. Nazirlik bunu da qeyd edib ki, hər xəstəlik əlillik təyinatına əsas vermir. Əlillik təyinatı yalnız qanunvericiliyə uyğun olaraq, diqanoz olduqda təsdiq edilir, ya da şəxsə müraciəti ilə bağlı imtina gəlir.

Sosialmedia.az xəbər verir ki, Deputat Fəzail Ağamalı proseslərə münasibətini Cebhe.info-ya bildirib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə mənim aramda kifayət qədər problemlər yaşanıb. Vaxtilə fikirlərimi demişəm. Təəssüf edirəm ki, mənim dediklərim artıq konkret həyatda bir-bir öz əksini tapmaqdadır”.

Deputat gedişatın necə olacağı barədə heç nə deyə bilməyəcəyini bildirib:

“Bundan artıq nəsə demək istəmirəm”.

Qeyd edək ki, bir müddət əvvəl deputat Fəzail Ağamalı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi arasında qalmaqal yaşanmışdı. Belə ki, Fəzail Ağamalı nazirliyin ünvanına “Çıxın deyin ki, sizin pensiyanızı biz kəsmişik. Buna görə pensiyası kəsilən vətəndaşlar bizi söyürlər”,- demişdi.