TOVUZDA SAZ-SÖZ SƏNƏTİ NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ KONSERT KEÇİRİLİB

679

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı, SosialMedia.az-ın məlumatına görə Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuz rayonunda Tovuz, Qazax, Ağstafa aşıqlarının iştirakı ilə konsert proqramı keçirilib. Nizami adına Mədəniyyət Mərkəzində aşıq sənəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor, şöhrət ordenli Məhərrəm Qasımlı, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayon ictimaiyyəti, müxtəlif idarə və qurumların rəhbər və kollektivləri, mədəniyyət işçiləri iştirak edib. Tədbirdə həmçinin, fəxri qonaq qismində Əməkdar Mədəniyyət İşçisi Aşıq Əli Quliyev, Əməkdar Mədəniyyət İşçisi Aşıq Əlixan Niftəliyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, şair Barat Vüsal, Aşıq Camoy, Aşıq Məmməd, şair Səhlədar Hidayətoğlu, şair Tahir Çaylı, Aşıq Hüseyn Əzizoğlu, Aşıq Zakir Bayramov və başqaları iştirak edib. Konsertdən öncə Mərkəzin foyesində təşkil olunmuş klassik aşıqların şəxsi əşyalarından, müxtəlif arenalarda çıxışlarını əks etdirən fotolardan, orden və medallarından, fəxri adlarının diplomlarından, fəxri fərmanlarından, onların haqqında yazılmış və özlərinin müəllifi olduğu kitablardan ibarət sərgiyə baxış keçirilib. Rəsmi hissədə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək ölkəmizdə aşıq sənətinə verilən qiymətdən, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın bu sənətə diqqət və qayğısının nəticəsi olaraq aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən danışıblar. Çıxışlarda həmçinin, bölgə aşıqlarının iştirakı ilə keçirilən bu tipli tədbirlərin regionda aşıq sənətinin inkişafında müstəsna rolu olacağı vurğulanıb. Tamaşaçılar tərəfindən böyük maraq və davamlı alqışlarla qarşılanan konsert proqramında Kamandar Ələsgəroğlunun rəhbəri olduğu Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəbinin “Misri” ansamblı, həmçinin, Aşıq Şəmşəd Elmanoğlu, Aşıq Günel Tovuzlu, Aşıq Samir Cəlaloğlu, Aşıq İradə, Aşıq Eldar Əsədoğlu, Aşıq Maksim Muğanlı, Aşıq Hüseyn İncəli və Aşıq Mahal cütlüyü, Aşıq Rauf, paytaxtdan dəvət olunmuş Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Elməddin Tovuzlu və başqaları, həmçinin, qocaman xanəndə İsmayıl Məmmədov solo ifalar və dastanlardan parçalar səsləndiriblər.

Xəyal Nağıyev

Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi