Bakıda 19 yaşlı gənc öldürüldü

355

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

İyunun 9-u saat 22 radələrində rayon ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.

Cinayət işi üzrə həyata keçirilən intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.