Nikolun müharibə qoxulu sərsəmləməsi: “3 tələb” irəli sürdü

144

Bu gün 10 noyabr 2020-ci il bəyanatını öz qələbəsi sayan Azərbaycan Ermənistanın öhdəlik götürməsindən danışır. Bəli, biz öhdəlik götürdük və hər şeyi yerinə yetirdik.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında deyib.

O iddia edib ki, Azərbaycan da guya öhdəlik götürüb.

Paşinyan Azərbaycanın “bu öhdəliklərə” əməl etməsini istəyib:

1. “Dağlıq Qarabağ”ın (red: separatçı rejimi) mövcudluğunu tanımaq;

2. Qarabağda “təmas xəttinin” mövcudluğuna hörmət etmək;

3. Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmaq.

Qeyd edək ki, 10 noyabr kapitulyasiyasından sonra bu, Ermənistan rəhbərliyinin bütün diplomatik sərhədləri aşmasının və öhdəlikdən qaçmaq üçün növbəti həyasızlığının ən üst səviyyəsidir.

Azərbaycan 10 noyabr bəyanatında heç bir öhdəlik götürməyib, bəyanatın mətnində bircə yerdə də olsun, “Dağlıq Qarabağın gələcək statusu” ilə bağlı söz belə yoxdur, eyni zamanda, “təmas xətti” ifadəsi Ermənistan ordusunun rus sülhməramlıların gəldiyi vaxta qədər dayandıqları mövqelərə görə işlədilib.

Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi ilə Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindən çıxarılmalı idi və bununla da “təmas xətti” anlayışı tamamilə ləğv olunacaqdı. Qarabağın bir hissəsinə yerləşdirilən rus sülhməramlıları isə orda məskunlaşdırılan erməni icmasının təhlükəsizliyini müəyyən müddətə qədər təmin edəcəkdilər.

“Dağlıq Qarabağ”ın mövcudluğunu tanımağı” dilə almaq Ermənistan Baş naziri Nikol Paşinyanın dəhşətli səhvi olmaqla bərabər, 10 noyabr bəyanatından imtina etməsi və müharibə səbəbidir. 10 noyabr bəyanatının tərəfi Ermənistandır, hər hansı separatçı-terrorçu ünsür deyil; 10 noyabr bəyanatının altında Ermənistan baş nazirinin imzası var – hansısa separatçının yox. Bütün bunlardan sonra “separatçı qurumu” tanımaq haqda hansısa fikir demək Paşinyanın imzasına hörmət etmədiyi, yenidən baş qaldırdığı, yenidən münaqişə yaratmaq istəməsini göstərir.

Xatırladaq ki, Ermənistan rəhbərliyi 2020-ci ilin ortalarında Azərbaycana qarşı 7 tələb irəli sürmüşdü və bu tələbləri Azərbaycan 44 gündə cəhənnəmə vasil etdi, gorbagor etdi.

Paşinyan o dəhşətli və rüsvayçı məğlubiyyətdən sonra yenə “tələb” dilə gətirə bilirsə, bu artıq Ermənistan dövlətinin mövcudluğunu şübhə altına ala bilər.