Azərbaycanlı ABŞ-da çempion oldu

184

Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz Hüseyn Əliyev avqustun 14-də Hyuston şəhərində MMA idman növü üzrə çempionluq döyüşü keçirib.

Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, “Fury FC 67 – UFC Fight Pass” turnirində 65,7 kq çəki dərəcəsində çempionluq kəməri üzrə döyüşdə Hüseyn Əliyev rəqibi, bu liqanın artıq keçmiş çempionu və məşhur “Glory” kikboksinq turniri döyüşçüsü Neyt Riçardson üzərində tam üstünlüklə qələbə qazanıb və çempion adına sahib olub.

Qalibiyyət nitqində Hüseyn Əliyev öz baş məşqçisi olan güney azərbaycanlı Nima Mazhari, “American Kickboxing Academy”dən baş məşqçi Xavyer Mendez, Həbib Nurməhəmmədov və digər kamp yoldaşlarına və dəstəkçilərinə təşəkkür edib. Hüseyn Əliyev UFC prezidenti Dana Uayt və matçmeyker Şon Şelbiyə müraciət edərək müqavilə göndərilməsinin vaxtı gəldiyini bildirib.

Bu döyüş Hüseyn Əliyevin “Fury FC – UFC Fight Pass” liqasında üçüncü döyüşü idi.

Hüseyn Əliyev döyüşün dördüncü hissəsində Neyt Riçardsonu nokdauna göndərib, lakin döyüşü vaxtından öncə bitirmək alınmayıb. Son olaraq beş raundun nəticəsinə görə çempionluq adını və turnirin kəmərini həmyerlimiz əldə edib. Maraqlı bir cəhət odur ki, bu rəqib Hüseyn Əliyevin ardıcıl məğlub etdiyi üçüncü çempion idi.

“Fury FC” liqasındakı ötən döyüşündə azərbaycanlı idmançı keçmiş “Combat Global” çempionu və “Ultimate Fighter” şousunda iştirak etmiş Andres Kintanaya qalib gəlmişdi. Turnirdəki ilk döyüşündə isə həmyerlimiz “Fury FC”nin eyni çəkidə çempionu olmuş, Braziliya ciu-citsu idman növü üzrə qara kəmər sahibi Kameron Qraves üzərində qələbə çalmışdı.

Son üç döyüşündə üç çempion üzərində qələbə çalaraq həmyerlimiz UFC-yə çıxmaq şansını maksimallaşdırıb. Hüseyn Əliyevin daxil olduğu menecment şirkəti ən qısa zamanda UFC şirkəti ilə danışıqlara başlayacaq. Hazırda UFC şirkəti “Fury FC” kimi “UFC Fight Pass” turnirlərindən ən yaxşı döyüşçüləri seçir.